SİYASƏT
AzərTAc-ın xüsusi müxbiri Avropa Komissiyasının jurnalistlər üçün keçirdiyi seminarda iştirak edib
Bakı, 26 yanvar, AZƏRTAC
Belçikanın Brüssel şəhərində Avropa Komissiyası və Avropa Jurnalistika Mərkəzinin təşkilatçılığı ilə Britaniyada fəaliyyət göstərən xarici jurnalistlər üçün ikigünlük seminar təşkil edilib.
Məqsədi jurnalistlər arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, əlaqələrin daha da genişləndirilməsi olan tədbirə müxtəlif ölkələrdən media nümayəndələri qatılıblar.
Seminarda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) Böyük Britaniya üzrə xüsusi müxbiri Orxan İsmayılov da iştirak edib.
Tədbirin ilk günündə ümumi tanışlıq, Avropa İttifaqının rəsmilərinin bu qurumun strukturu, fəaliyyəti, dünya siyasətində rolu və mövqeyi kimi mövzularda məruzələri dinlənilib.
Seminarın ikinci günündə isə dünyada aktual olan mövzular müzakirə edilib və Avropa İttifaqının bu mövzularda mövqeyi diqqətə çatdırılıb.
Tədbirdə AZƏRTAC ilə yanaşı, Avstraliyanın “Fairfax”, Rusiyanın “RİA Novosti” agentliklərinin, Danimarka, Misir, Finlandiya, Hindistan və Türkiyə qəzetlərinin, Yunanıstan, Ukrayna, Cənubi Afrika Respublikası və Böyük Britaniyanın televiziya kanallarının müxbirləri iştirak ediblər.