SİYASƏT
AzərTAc-la əməkdaşlıq Azərbaycan reallıqlarının Almaniyada daha geniş yayılmasına töhfə verə bilər VİDEO
Bakı, 19 noyabr, AZƏRTAC
AZƏRTAC-la əməkdaşlıq Azərbaycan reallıqlarının Almaniyada daha geniş yayılmasına töhfə verə bilər.
Bu sözlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəvəti ilə ölkəmizdə səfərdə olan Almaniya jurnalistləri Birgit Vetsel və David Qoesmanın AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla keçirilən görüşündə səsləndirilib.
Görüşdə Azərbaycan reallıqlarının dünyaya tanıdılması, ölkəmizin ötən əsrin 90-cı illərindəki informasiya blokadasından çıxaraq dünya media məkanında mövqeyini möhkəmləndirməsi ətrafında söhbət aparılıb. Qeyd olunub ki, Azərbaycanın ilk informasiya agentliyi olan AZƏRTAC hazırda dünyanın əsas informasiya alyanslarında aparıcı qurum kimi fəaliyyət göstərir və bu da Azərbaycan haqqında informasiyaların yayılmasının daha da sürətləndirilməsinə səbəb olub. Məlumat verilib ki, agentliyin Azərbaycan haqqında məlumatları nüfuzlu informasiya təşkilatlarının resurslarında yayılır. Qeyd olunub ki, AZƏRTAC Almaniyanın Deutsche Presse-Agentur (DPA) agentliyi ilə həm ikitərəfli formatda, həm də Avropa Xəbər Agentlikləri Alyansı tərkibində əməkdaşlıq edir, bu media qurumları arasında qarşılıqlı informasiya və təcrübə mübadiləsi aparılır. Görüşdə AZƏRTAC-ın Almaniya jurnalistləri ilə də Azərbaycan həqiqətlərinin Almaniya cəmiyyətinə çatdırılması istiqamətində əməkdaşlıq etməyə hazır olduğu vurğulanıb.
Cənubi Qafqaz üzrə ekspert xanım Birgit Vetsel görüşdə Azərbaycan reallıqlarının Almaniyada daha geniş yayılmasının vacib məqam olduğunu deyib. O, tədqiqatlarının Azərbaycanı yaxından tanıtmaq istiqamətində apardığını qeyd edib.
Görüşdə Almaniya mətbuatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması ilə bağlı keçirilən araşdırmalar haqqında məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Almaniyanın Humboldt Universitetində həyata keçirilən layihə çərçivəsində “Frankfurter Allgemeine”, “Neues deutschland” qəzetlərində, “Der Spiegel” və “Die Zeit” jurnallarında 20 il ərzində Dağlıq Qarabağ mövzusunda dərc edilən materiallar toplanaraq təhlil edilib. Tərəflər bu araşdırmaların ölkəmiz haqqında obyektiv məlumatların yayılmasında düzgün istiqamət verəcəyinə əminlik ifadə ediblər.