SİYASƏT
AzərTAc və Anadolu Agentliyi əməkdaşlığı daha da genişləndirir VİDEO
Bakı, 11 dekabr, AZƏRTAC
AZƏRTAC və Anadolu Agentliyi əməkdaşlığı daha da genişləndirməklə bağlı müqavilə imzalayacaq.
Bununla əlaqədar məsələlər Türkiyənin Anadolu Agentliyinin baş direktor müavini Əbubəkr Şahin və AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun görüşündə müzakirə olunub.
Baş direktor Aslan Aslanov görüşdə bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən indiyədək AZƏRTAC və Anadolu Agentliyi əlaqələrini daim yaxşılaşdırmaq istiqamətində irəliləyib. Dost və qardaş ölkələrimizin bu aparıcı xəbər agentlikləri beynəlxalq media təşkilatlarında daim bir-birini dəstəkləyir.
Anadolu Agentliyinin Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının 2016-cı ildə AZƏRTAC-ın ev sahibliyi ilə keçirilməsi barədə qərarların qəbul edilməsinə dəstək verdiyi vurğulandı.
Qeyd edildi ki, AZƏRTAC da beynəlxalq qurumlarda Anadolu Agentliyini daim dəstəkləyir və qardaş ölkənin milli xəbər agentliyi ilə əməkdaşlıqdan məmnunluq duyur.
Anadolu Agentliyinin baş direktor müavini Əbubəkr Şahin AZƏRTAC-ın beynəlxalq əlaqələrdə uğurlarını daim izlədiklərini, qardaş ölkənin xəbər agentliyi ilə əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını vurğuladı. AZƏRTAC-ın və Anadolu Agentliyinin Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş birgə fotosərgi keçirməsini yüksək qiymətləndirən baş direktor müavini agentliklər arasında texniki, informasiya mübadiləsi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdi.
Görüşdə Anadolu Agentliyinin rəhbərləri gələn ilin martında Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçiriləcək iclasına və AZƏRTAC-ın 95 illik yubileyinə dəvət edildi. Həmçinin həmin ərəfədə hər iki agentlik arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sənədin imzalanması ilə bağlı razılıq əldə olundu. Tərəflər, eyni zamanda, Türkdilli Xəbər Agentlikləri Təşkilatının işinin fəallaşdırılması ətrafında fikir mübadiləsi də apardılar.
Görüşdə Anadolu Agentliyinin xarici əlaqələr şöbəsinin müdiri Ercan Göçer və agentliyin Bakı bürosunun rəhbəri Tolqa Özgenc iştirak ediblər.