SİYASƏT
AzərTAc və Qazi Universiteti jurnalist kadrların hazırlığı sahəsində əlaqələri genişləndirəcək VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
AZƏRTAC və Türkiyənin Qazi Universiteti jurnalist kadrların hazırlığı sahəsində əlaqələri genişləndirəcək.
Qazi Universitetinin jurnalistika fakültəsinin dekanı Zakir Avşar və AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun dekabrın 12-də keçirilən görüşündə kadr hazırlığı, müasir media, informasiya mübadiləsi ilə bağlı məsələlər diqqət mərkəzində olub.
Görüşdə bildirildi ki, eyni mədəni və tarixi köklərə malik olan Azərbaycan və Türkiyə beynəlxalq arenada daim bir-birini dəstəkləyir və bu, əsl qardaşlıq və dostluq nümunəsidir. Türkiyənin bir çox universitetlərində, o cümlədən Qazi Universitetində təhsil alan azərbaycanlı gənclər dəyərli kadrlar kimi ölkəmizin müxtəlif qurumlarında çalışırlar. Bu ali məktəbdə tələbələrə yüksək təhsil verilir və AZƏRTAC Qazi Universitetinin jurnalistika fakültəsi ilə peşəkar kadr hazırlığı sahəsində əlaqələr qurmağa hazırdır. Müasir dövrdə sürətlə inkişaf edən media yüksək ixtisaslı jurnalistlərə böyük ehtiyac duyur.
Zakir Avşar AZƏRTAC-ın beynəlxalq əlaqələr, xəbər yayımı sahəsində uğurlarını yaxından izlədiyini, agentliyin müasir standartlara uyğun fəaliyyət göstərdiyini vurğuladı. O, Qazi Universitetində bir çox azərbaycanlı tələbənin təhsil aldığını, AZƏRTAC ilə jurnalist kadrların yetişdirilməsi, birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlığın faydalı olacağına əminliyini bildirdi.
Görüşdə “Haber7.com” portalının rəhbəri İbrahim Ərdoğan, Türkiyənin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin əməkdaşı Mustafa Kamal Dağdələn, bu ölkənin Azərbaycandakı səfirliyinin mətbuat üzrə müşaviri Hamit Karadəniz də iştirak edirdilər.
Müzakirələr zamanı AZƏRTAC ilə Anadolu Agentliyinin əməkdaşlığı yüksək qiymətləndirildi, qardaş ölkənin xəbər qurumları arasında informasiya mübadiləsinin, Azərbaycan və Türkiyə mediasının hər iki dövlətin ortaq maraqları mövqeyindən çıxış etməsinin, dezinformasiya ilə birgə mübarizə aparmasının vacibliyi vurğulandı.