İQTİSADİYYAT


Azər Qərib: Bakı Şopinq Festivalı turistlərin marağını cəlb etmək üçün uğurlu addımdır

Bakı, 17 aprel, AZƏRTAC

Bakı Şopinq Festivalı (Baku Shopping Festival) turistlərin marağını cəlb etmək üçün uğurlu addımdır.

AZƏRTAC festivalın rəsmi saytına istinadən xəbər verir ki, bunu tanınmış səyahətçi və jurnalist Azər Qərib mayın 10-dək davam edəcək Bakı Şopinq Festivalı haqqında öz təəssüratlarını bölüşərkən deyib.

– Azər bəy, necə düşünürsünüz, Bakı Şopinq Festivalının keçirilməsi Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?

– Ümumiyyətlə hadisə turizmi bütün dünyada ən geniş yayılmış turizm növlərindən biridir. İnsanlar xarici ölkəyə sadəcə getmək yox, orada keçirilən hansısa tədbirdə – festivalda, karnavalda, konsertdə və sair iştirak etmək istəyirlər. Düşünmürəm ki, şopinq festival turist kütlələrində dərhal maraq oyadacaq. Ancaq həmişə ilk addımı atmaq vacibdir və mənə elə gəlir ki, bu addım uğurlu alınıb.

– Bəs festival ölkədə turizmin və biznesin inkişafına necə təsir göstərəcək?

– Şəxsən mən inanıram ki, bundan ən çox milli xüsusiyyətləri ilə tanınan yerli sənətkarlıq biznesi udacaq.

– Sizcə Azərbaycana turist axınının artırılması üçün hansı addımlar atılmalıdır?

– Düşünürəm ki, Azərbaycanın turizm istiqaməti kimi təbliğatı üçün yaradıcı ideyaların təklif olunması düzgün addımdır. Mən həmişə demişəm ki, bizim üçün turizmin hədəf kütləsi Avropa və Amerika deyil, Asiya, MDB ölkələri, ərəb Şərqinin nümayəndələridir. Təcrübə göstərir ki, bu belədir. Bu bölgələrdən olan turistlər təşkil olunmuş istirahəti sevirlər, onların yaxşı maddi imkanları var, hər şeylə maraqlanırlar və yeni istiqamətlərə maraq göstərirlər. Bundan başqa, onlar dadlı mətbəxi qiymətləndirən insanlardır. Bu isə bizim güclü tərəfimizdir. Ona görə də mən təklif edərdim ki, qastronomik turizmin təbliğatına daha çox diqqət ayrılsın.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.