MƏDƏNİYYƏT
Azər Rasizadə və Aytac Şahəlizadə vokalçıların Müslüm Maqomayev adına Beynəlxalq müsabiqəsinin laureatları olublar
Moskvada vokalçıların Müslüm Maqomayev adına Beynəlxalq müsabiqəsi başa çatıb. AZƏRTAC Rusiyanın “Kultura” telekanalına istinadla xəbər verir ki, birinci turda müğənnilər həm klassik əsərlər, həm də estrada mahnıları, finalda isə Müslüm Maqomayevin repertuarından mahnılar ifa ediblər. Münsiflər heyətinin sədri Tamara Sinyavskayanın sözlərinə görə, 180 sifarişin daxil olduğu müsabiqədə seçim sərt olub. Finala 9 ölkədən 15 ifaçı çıxıb.
Münsiflər heyətində İtaliya, Azərbaycan və Monqolustandan musiqiçilər, habelə rusiyalı sənətkarlar Yelena Obraztsova, Dmitri Bertman, Sergey Zaxarov təmsil olunublar.
Tamara Sinyavskaya deyib: “Bu müsabiqənin spesifikası bundadır ki, həmişə konsertə bənzəyir. İnsanın səhnəyə çıxıb Hendeldən oxuması asan məsələ deyil. Əslində opera üçün heyət toplaşıb, çünki onların arasında həm tenor, həm bariton, həm bas, həm də soprano var.
Səhnədə Verdinin, Bizenin, Motsartın operalarından ariyalar, həmçinin estrada kompozisiyaları səslənib. Müsabiqənin şərtlərinə görə, iştirakçılar hər janrda oxumağı bacarmalıdırlar.
Azərbaycanı təmsil edən Azər Rzazadə və Aytac Şahəlizədə üçüncü mükafatın laureatları olublar. Müsabiqənin birinci mükafatına Monqolustan təmsilçisi, bariton səsli Ariunbaatar Qanbaatar, ikinci mükafata Ermənistan təmsilçisi Liparitu Avetisyan və belaruslu Pavel Petrov layiq görülüblər. Münsiflər heyəti Qran-pri mükafatını verməmək qərarına gəlib.