REGİONLAR
“Azəravtoyol” ASC-nin kollektivi 2 yaşlı Zəhra və nənəsinin məzarlarını ziyarət ediblər
Bakı, 13 iyul, AZƏRTAC
“Azəravtoyol” ASC-nin kollektivi Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Füzuli rayonu Alxanlı kəndinin atəşə tutulması nəticəsində öldürülən 2 yaşlı Zəhra və nənəsi Sahibə Allahverdiyevanın yas mərasimində iştirak etmək üçün Alxanlı kəndində olublar.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, cəmiyyətin rəhbərliyi hadisənin baş verdiyi ərazidə olub, kənd sakinləri ilə görüşüb, mərhumların yaxınlarına başsağlığı veriblər, həmçinin mərhumların qəbirlərini ziyarət edib, qəbirləri üzərinə gül dəstələri qoyublar.
Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində kənd sakinləri 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.