CƏMİYYƏT


“Azəravtoyol” ASC-nin kollektivi növbəti yaşıllaşdırma aksiyasında 10 min ağac əkib VİDEO

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

“Azəravtoyol” ASC-nin kollektivi tərəfindən bu dəfə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 35-40-cı kilometrlik ərazisinin mühafizə zolağında ağacəkmə aksiyası keçirilib. Ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədilə təşkil olunan aksiyada cəmiyyətin sədri Saleh Məmmədov və qurumun digər rəhbər şəxsləri də yaxından iştirak ediblər.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol”un mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, “Azəravtoyol” ASC tərəfindən avtomobil yollarının ayırıcı və mühafizə zolaqlarındakı yaşıllıqlara aqrotexniki qaydalara uyğun qulluq edilməsi, yeni yaşıllıqların salınması, onların uçot sisteminin təkmilləşdirilməsi, mühafizənin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsinə diqqət daha da artırılıb.

Cəmiyyətin 100 nəfərdən artıq işçisinin, eləcə də maşın–mexanizmlərin cəlb edildiyi tədbirdə 250 min kvadratmetr ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb. Aksiya zamanı 10 min ədəd Eldar şamı və sərv ağacları əkilib. Əkilən ağaclar cəmiyyətin 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin tinglik sahələrində yetişdirilib.

Həmçinin qeyd olunub ki, yaşıllaşdırma tədbirləri respublikanın digər avtomobil yollarında da davam etdirilir. Belə ki, bu ilin payız əkin mövsümündə Bakı-Ələt-Qazax, Yevlax-Zaqatala və Bakı-Ələt-Astara avtomobil yollarının mühafizə zolaqlarına 35 min ədəd Eldar şamı, iydə, ağcaqayın, aksiya, sərv və digər müxtəlif növ ağac əkilib. Mövsümün sonuna kimi əlavə olaraq daha 25 min ədəd ağacın əkilməsi nəzərdə tutulub.

Ümumilikdə isə cari ilin əvvəlindən “Azəravtoyol” ASC tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolağında 138 min ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

Avtomobil yollarının istismarında mühafizə və ayırıcı zolaqlarının yaşıllaşdırılması ilə onların külək və su eroziyasından, qar yığıntısından mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması və avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılması təmin edilir, mənfi təbii, antropogen və texnogen hallardan mühafizə olunur.

“Azəravtoyol” ASC-nin Yol Yaşıllaşdırma MMC-ləri 1600 kilometr magistral və 1824 kilometr respublika əhəmiyyətli olmaqla, ümumilikdə 3424 kilometr avtomobil yolunun təhkim zolaqlarındakı yaşıllıqlara xidmət göstərir.

Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 milyon 236 min 157 ədəd, o cümlədən 895 min 625 ədəd çoxillik ağac mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.