İQTİSADİYYAT
“Azəravtoyol”: Xarici investisiyalar hesabına yol infrastrukturunun yenidən qurulması davam etdirilib
Bakı, 11 avqust, AZƏRTAC
Cari ilin 6 ayı ərzində respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində xarici investisiya ilə maliyyələşdirilən layihələr üzrə işlər davam etdirilib.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, sözügedən layihələr sırasına Dünya Bankı ilə imzalanmış kredit sazişi hesabına Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda (M-3) həyata keçirilən I Ələt-Şorsulu hissəsi ( 55,8-80,6 kilometr), Asiya İnkişaf Bank ilə bağlanmış kredit sazişi hesabına Şorsulu-Cəlilabad (80,6-110,7 kilometr) hissəsi, Cəlilabad-Masallı (110,7-142,9 kilometr) hissəsi, Masallı-Astara (Masallı-Girdəni, 0-22,2 kilometr) hissəsi, Masallı-Astara (Pensar-Astara 41,5-61,4 kilometr) hissəsi daxildir.
Həmçinin Bakı-Şamaxı-Yevlax (M-4) avtomobil yolunun 13,3-107 kilometr hissəsinin 4 zolağa genişləndirilməsi, Müşfiqabad qəsəbəsi ərazisi (13,3-15,1 kilometr), Müşfiqabad-Çəngi hissəsi (15,1-44,6 kilometr ), Çəngi-Qobustan hissəsi (44,6-67,5 kilometr) və Qobustan-Bədəlli hissəsi (67,5-91,0 kilometr) layihələri də xarici investisiya - Dünya Bankı ilə imzalanmış kredit sazişi hesabına tikilən layihələr sırasında yer alıb.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyəsi hesabına isə Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolu (R-18) yenidən qurulub.