MƏDƏNİYYƏT
“Azerbaijan Art Festival-2014” layihəsi çərçivəsində Lənkəran Dövlət Rəsm Qalereyasında rəsm sərgisi açılmışdır
Bakı, 10 iyul (AZƏRTAC). Xəbər verdiyimiz kimi, “Baku Creative Center”in təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar Mobile” mobil operatorunun baş sponsorluğu ilə “Azerbaijan Art Festival–2014” layihəsi reallaşdırılır.
“Baku Creative Center”dən AZƏRTAC-a bildirmişlər ki, turne şəklində Azərbaycanın bölgələri üzrə icra edilən layihə çərçivəsində Lənkəran Dövlət Rəsm Qalereyasında rəsm sərgisi açılmışdır.
Bu münasibətlə keçirilən mərasimdə Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı İlqar Əzimov çıxış edərək sərginin açılışını yüksək qiymətləndirmiş, bunun turizm potensialının inkişafına böyük kömək edəcəyini bildirmişdir.
Mərasimdə rayon ictimaiyyətinə “Azerbaijan Art Festival-2014” layihəsi haqqında ətraflı məlumat verilmişdir.
Ekspozisiyada Lalə Ağayevanın, Asima Səmədlinin, Fəxri Abbasovun, Səmra Axundovanın, Fəqanə Əliyevanın, Vüsalə Ağarazıyevanın, Fəridə Qarayevanın, Lalə Hüseynovanın, Rasim Mahmudovun, Elnur Həsənovun, Pərviz Əsədovun, Günel Ravilovanın, Anar Qəmbərlinin, Mehriban Şamsadinskayanın və digər rəssamların əsərləri nümayiş edilmişdir
İyulun 1-dən 30-dək davam edəcək turnedə ardıcıl olaraq Astara, Lerik, Yardımlı, Lənkəran, Bərdə, Goranboy, Gəncə, Şəmkir, Qazax və Ağstafa rayonları yer almışdır. Bu regionlarda sərgilər təşkil edilir və rəssamlar tərəfindən ustad dərslər keçirilir.