İQTİSADİYYAT
“Azerbaijan Fibro Cement” məhsulları yanmır və yüksək temperaturdan deformasiyaya uğramır
Bakı, 25 may, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycanın sənaye sektorunda iri investisiya şirkətlərindən biri Synergy Group ASC-nin törəmə şirkəti olan "Azerbaijan Fibro Cement" MMC layihəsinin icrasında yeni dövr başlayır.
Synergy Group ASC-nin biznesin inkişafı üzrə meneceri Əvəz Quliyev layihənin icrası ilə əlaqədar son məlumatlarla bağlı AZƏRTAC-a müsahibə verib.
- Bakı-Salyan yolunun 47-ci kilometrində "AFC" zavodunun inşası ilə əlaqədar müəyyən işlər görülmüşdü. Hansı səbəblərə görə, zavod Sumqayıt Kimya Sənaye Parkına köçdü?
- Sumqayıt Kimya Sənaye Parkı özü-özlüyündə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xidmət edəcək vacib iqtisadi modeldir. Bu cür iqtisadi modellərin icrasını, ölkə rəhbərliyinin Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığının aradan qaldırılması istiqamətində atdığı mühüm addımlardan biri hesab edirik. Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Sumqayıt Kimya Sənaye Parkı layihəsinin uğurla icrası iqtisadiyyatın şaxələnmiş inkişafına xidmət edəcək.
Öz növbəmizdə “Synergy Group”un şirkəti “AFC” MMC olaraq biz Sumqayıt Kimya Sənaye Parkının layihəmizin effektivliyinin artırılması üçün yaratdığı imkanları nəzərdən qaçıra bilməzdik.
Hesablamalar nəticəsində müəyyən olundu ki, "AFC" MMC zavodunun Sumqayıt Kimya Sənaye Parkında inşası maliyyə və iqtisadi cəhətdən daha səmərəli nəticə verəcək. Bununla da yeni ərazi layihənin dəyərini, həmçinin gələcəkdə məhsul istehsal olunmağa başladıqda onun maya dəyərinin kifayət qədər azaldılmasına şərait yaradacaq. Eləcə də, Sumqayıt Kimya Sənaye Parkının rezidenti olmaqla "AFC" ölkənin ixrac potensialına dəstək olaraq öz məhsullarını xarici bazarlara daha effektiv şəkildə çıxara biləcəkdir.
Məhz bu səbəbdən, Sumqayıt Kimya Sənaye Parkı "AFC" MMC-nin potensialına təkan verməklə yanaşı, eyni zamanda ölkə iqtisadiyyatının şaxələnməsinə və ixrac yönümlü olmasına əlavə imkanlar yaradacaq.
- Layihə çərçivəsində hansı işlərin həyata keçirilməsi nəzərdə tutulub?
- "Synergy Group"un şirkəti olan “Azerbaijan Fibro Cement” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində müasir texnologiya ilə müxtəlif rənglərdə və çeşiddə fibro-sement (lifli sement) lövhələrin istehsalını həyata keçirəcək. Layihə çərçivəsində ildə 6 milyon kvadratmetr fasad üçün düz lövhələr və dam örtükləri istehsal edən zavod inşa ediləcək. İstehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac ediləcək. Yeni yaradılan müəssisənin layihələndirilməsi, müasir avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz olunması Avropanın bu sahədə aparıcı şirkətləri tərəfindən təmin ediləcək.
- Geniş istehlakçı kütləsi fibro-sement anlayışı haqqında az məlumatlıdır. Mümkünsə, bu məhsulun üstünlüklərindən danışardınız…
- Fibro-sementin strukturu çox mürəkkəb deyil və dünya bazarlarında geniş tətbiq sahəsinə malikdir. Müasir kompozit material olaraq, tərkibi əsasən qum, sement və ağac sellülozundan ibarətdir.
Soruşa bilərsiz, nə üçün fibro-sement? Fibro-sement lövhələr insan sağlamlığına və ətraf mühitə zərəri olmayan, su və nəmişlik keçirməyən, dayanıqlı, uzunömürlü, yanğına qarşı müqavimətli, yüngül, dekorativ, istilik və səs izolyasiyası xüsusiyyətinə malik tikinti materialıdır. Fibro- sement yanmazdır və yüksək temperaturda deformasiyaya uğramır. Avropa standartları yanmazlığa görə fibro- sementi A1 sinfinə aid edir. Bəzi hallarda fibro-sementlə hətta qızdırıcı sobaları da üzləyirlər. Sellüloz lif əsas mineralları bir-birinə bağlayıb məhsula möhkəmlik, eyni zamanda əyilmə qabiliyyəti verir.
Fibro-sement məhsullarının istehsalı üçün avtoklav bərkimə texnologiyasından istifadə olunur. Sementin 6-8 saatlıq ilkin bərkimə mərhələsindən sonra xam məhsul avtoklavlara ötürülərək yüksək temperatur və təzyiqli buxarın təsiri altında tamamilə bərkiyir. Bundan sonra fibro-sement məhsulu özünün unikal yekun xüsusiyyətlərini - möhkəmliyini və müxtəlif iqlim şəraitlərinə davamlılığını qazanır. "Synergy Group"un şirkəti olan "AFC" -nin istehsal etdiyi məhsul Azərbaycanın inşaat materialları bazarında ətraf mühitə təsiri olmadan bir neçə suala innovativ həll yolları təqdim edəcək. "AFC" layihəsinin imkanları ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək.