İQTİSADİYYAT
“Azerbaijan Fibro Cement”ə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib
Bakı, 11 fevral, AZƏRTAC
“Azerbaijan Fibro Cement” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bununla da, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 4-ə çatıb.
İqtisadiyyat və Sənaye Nazirlindən AZƏRTAC-a bildiriblər ki, “Azerbaijan Fibro Cement” MMC sənaye parkının ərazisində lifli sement (fibro-sement) lövhələrin istehsalını həyata keçirəcək. Layihə çərçivəsində ildə 6 milyon kvadratmetr fasad üçün düz lövhələr və dam örtükləri istehsal edən zavod inşa ediləcək. Ən müasir avadanlıqla və innovativ texnologiyalarla təchiz ediləcək zavodda 150-200 nəfərin işlə təmin olunması nəzərdə tutulur. İstehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır. Yeni yaradılan müəssisənin layihələndirilməsi, müasir avadanlıqla və qabaqcıl texnologiyalarla təchiz olunması Avropanın bu sahədə aparıcı şirkətlərindən olan Avstriyanın “MFL” şirkəti tərəfindən təmin olunacaq.
Məlumatda qeyd edilir ki, qeyri-neft sektorunun ən iri layihələrindən olan Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin tam təşkili və investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.