ELM VƏ TƏHSİL
“Azerbaijan International” jurnalının redaktoru Qərb Universitetinin tələbələri ilə görüşüb
Bakı, 13 dekabr, X.Cəfərova, AZƏRTAC
Dekabrın 13-də Qərb Universitetində ABŞ-da nəşr olunan “Azerbaijan İnternational” jurnalının redaktoru, tədqiqatçı Betti Bleyer ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Qərb Universitetinin rektoru Zemfira Məmmədova B.Bleyerin fəaliyyəti barədə geniş məlumat verib. Amerikalı tədqiqatçının apardığı araşdırmaları yüksək dəyərləndirən rektor onun “Əli və Nino” əsəri ilə bağlı araşdırmalarından söz açıb.
B.Bleyerin Qərb Universiteti ilə daim əməkdaşlıq etdiyini deyən Z.Məmmədova tədqiqatçının universitetdəki “Tur Heyerdal” muzeyinin yaradılmasına və burada çox dəyərli eksponatların yerləşdirilməsinə dəstək göstərdiyini diqqətə çatdırıb.
B.Bleyer Azərbaycanda uzun illərdir ki, görkəmli dövlət xadimi, yazıçı Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığına dair tədqiqatlar apardığını bildirib. Y.V.Çəmənzəminlinin həyatı və yaradıcılığı ilə bağlı apardığı tədqiqatın nəticələrini təqdim edən B.Bleyer yazıçının həyatı ilə bağlı maraqlı faktları diqqətə çatdırıb.
Sonra B.Bleyer tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.