İQTİSADİYYAT
Azərbaycan 4 ölkənin aparıcı şirkəti ilə əczaçılıq məhsullarının birgə istehsalına dair danışıqlar aparır
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan Türkiyənin, Birləşmiş Ərəb Əmirliklərinin, Yaponiyanın və Cənubi Koreyanın aparıcı şirkətləri ilə əczaçılıq məhsullarının birgə istehsalının təşkilinə dair danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə nazirlikdə keçirilən geniş kollegiya iclasında qeyd edilib.
Bildirilib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsulları istehsalının yaradılmasıdır. Bu məqsədlə Pirallahı Sənaye Parkında artıq 2 dərman zavodunun təməli qoyulub. Dəyəri 4 milyon ABŞ dolları olan və birdəfəlik şprislərin istehsalını nəzərdə tutan "Diamed Co" zavodunun tikintisinə isə yaxın zamanlarda başlanılacaq və müəssisə 2018-ci ilin birinci yarısında istismara veriləcək. Ümumilikdə, bu müəssisələrdə 350-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.