SİYASƏT
Azərbaycan ATƏT-in dəyərlərinin regionda bərqərar olmasının ən fəal təbliğatçısıdır
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenin ilə görüşdülər.
Milli Məclis sədrinin müavini, nümayəndə heyətinin rəhbəri Bahar Muradova Kristian Viqeninin ölkəmizə çox gözəl bir bayram – 28 May Respublika Günü ərəfəsində gəldiyini deyib. Milli Məclis sədrinin müavini Azərbaycanın müstəqillik tarixindən, son illər qazanılan uğurlardan, aparılan islahatlardan ətraflı söhbət açıb. Bildirilib ki, Azərbaycan beynəlxalq təşkilatlarla münasibətlərə xüsusi önəm verir. ATƏT-Azərbaycan əməkdaşlığından söz açan Bahar Muradova qeyd edib ki, ölkəmiz ATƏT-in bərabərhüquqlu üzvü olmaqla yanaşı, təşkilatın dəyərlərinin regionda bərqərar olmasının ən fəal təbliğatçısıdır.
Nümayəndə heyətinin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu haqqında qonağa məlumat verib. O, problemin ədalətli həlli, regionda təhlükəsizliyin təmin olunması üçün təşkilatın cəhdlərini artırmasının vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, hazırda mövcud status-kvonun saxlanılması münaqişə tərəflərindən yalnız Ermənistanı qane edir. Bu isə regionu daha ciddi kataklizmlərə sürükləyir. ATƏT bu yöndə vacib olan addımlar atmalı, Ermənistan tərəfinə ciddi təsirlər göstərməlidir.
Kristian Viqenin qarşıdan gələn 28 May – Respublika günü münasibətilə xalqımızı təbrik edib. O, ölkəmizə hər gəlişində müşahidə etdiyi yeniliklərdən məmnun qaldığını söyləyib. Azərbaycanla münasibətlərin uğurlu davamına təkan vermək niyyətini açıqlayan K.Viqenin bildirib ki, ATƏT PA-nın ölkəmizlə əməkdaşlığında demokratiyanın inkişafı başlıca yer tutur. Qonaq Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması üçün müsbət danışıq mühitinin yaradılmasında əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə deputatlar Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad Həsənov, Ülviyyə Ağayeva və digər rəsmi şəxslər iştirak ediblər.