CƏMİYYƏT


“Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib

A+ A

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin V hesabat-seçki Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra konfrans iştirakçıları Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Konfransda ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçmiş şəxslərin, Əfqanıstan müharibəsində həlak olan azərbaycanlıların, birliyin ötən müddətdə dünyasını dəyişmiş üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İctimai Birliyin idarə heyətinin sədri Məhəmməd Vəliyev hesabat məruzəsi ilə çıxış edərək ötən müddətdə görülən işlər barədə məlumat verib. M.Vəliyev deyib ki, hesabat dövründə birliyin 47 üzvü avtomobillərlə təmin olunub, iki nəfərə isə mənzil verilib. Bu il Əfqanıstan müharibəsi əlillərinin əksəriyyəti avtomobillərlə təmin edilib. Birlik üzvlərinin vəsiqələrinin dəyişməsi məsələsi də həllini tapıb. Əfqanıstan müharibəsi əlilləri müraciət edərək artıq yeni vəsiqə ala bilərlər. Birlik üzvləri tərəfindən müxtəlif məsələlərlə bağlı edilən 761 müraciətdən 432-si həllini tapıb. Beş veteran “Tərəqqi” medalı ilə təltif olunub.

Sonra təşkilati məsələlərə baxılıb, sədr vəzifəsinə səsvermə keçirilib. Səsvermə nəticəsində Məhəmməd Vəliyev yenidən birliyin sədri seçilib. Konfransda, həmçinin birliyin nəzarət-təftiş komissiyasının və idarə heyətinin yeni tərkibi də müəyyənləşib.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov konfransda çıxış edərək İctimai Birliyin fəaliyyətini yüksək qiymətləndirib. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin qayğısı ilə tam əhatə olunan Əfqanıstan veteranları Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Əfqanıstan veteranları Azərbaycan Milli Ordusunun yaranması və formalaşması, torpaqlarımızın Ermənistanın hərbi təcavüzündən azad edilməsi uğrunda döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstəriblər. Digər müharibə veteranları kimi, Əfqanıstan müharibəsinin veteranları da qəhrəmanlıq nümunələri ilə Azərbaycan cəmiyyəti üçün örnəkdirlər. S.Novruzov Əfqanıstan müharibəsi veteranlarının torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bildirib.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Şaiq Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə və digərləri çıxış edərək, İctimai Birliyin hesabat dövründə fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonda konfrans iştirakçıları adından Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə müraciət qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.