SİYASƏT


Azərbaycan Əfqanıstanda dövlət quruculuğu prosesinə tam dəstəyini davam etdirməyə sadiqdir

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Əfqanıstanın həyata keçirdiyi dövlət və təsisat quruculuğu prosesinə tam dəstəyini davam etdirməyə sadiqdir.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 5-də Avropa İttifaqının Əfqanıstana dair Brüssel konfransında çıxışında deyib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, E.Məmmədyarov bildirib ki, 25 ildir həll olunmamış münaqişədən ciddi əziyyət çəkən ölkə kimi, Azərbaycan Əfqanıstanın problemlərini yaxından başa düşür. Biz hamımız Əfqanıstana göstərdiyi səylərdə və problemlərinin həllində tam dəstək olmalıyıq.

“Azərbaycan bu məqsədlə bəlkə də Əfqanıstanı ilk, yaxından və fəal şəkildə dəstəkləyən ölkələr sırasındadır. Biz bunu daha çox ikitərəfli əsasda, daimi danışıqlar və Əfqanıstan hökumət rəsmiləri ilə görüşlər vasitəsilə, həmçinin NATO da daxil olmaqla, digər beynəlxalq platformalar çərçivəsində həyata keçiririk.

Biz ərazilərin minalardan təmizlənməsi, təhsil də daxil olmaqla, əfqan təhlükəsizlik qüvvələri və dövlət qulluqçuları və digər fəaliyyət sahələri üçün əsaslı təlimlərin keçirilməsini davam etdiririk. Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycan və Əfqanıstan arasında xüsusilə təhlükəsizlik sahəsində bir neçə milyonluq yardım haqqında sazişi təsdiq edib. Onun həyata keçirilməsinə artıq başlanılıb.

Bizim hərbi birləşmələrimiz Qətiyyətli Dəstək Missiyasında xidmət edir və biz NATO Etimad Fondu vasitəsilə əfqan ordusuna maliyyə yardımı göstəririk. Azərbaycan Əfqanıstanda beynəlxalq əməliyyatların həyata keçirilməsi üçün əsas tranzit yoludur və bəzi hallarda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün bütöv tranzit yollarının 30 faizi Azərbaycandan keçib.

Eyni zamanda, Azərbaycan həmişə təhlükəsizliyə dair səylərin iqtisadi inkişafla gücləndirilməsini dəstəkləyib. Qədim İpək Yolunun canlandırılması bunu həyata keçirə bilər. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı yaxınlığında yeni beynəlxalq dəniz limanı ilə birləşən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamaq üzrədir. Mərkəzi Asiya ölkələrinin buraya cəlb olunması Əfqanıstanı Uzaq Şərq və Şimali Avropa arasında tranzit yolun mərkəzinə çevirəcəkdir”,- deyə nazir vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.