SİYASƏT
Azərbaycan-Afrika İttifaqı əlaqələri müzakirə olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Valeh Ələsgərov qonağı salamlayaraq vaxtilə Azərbaycanın təhsil sahəsində Afrika İttifaqı ilə əlaqələrinin çox güclü olduğunu vurğulayıb. Hazırda Afrika İttifaqı ilə iqtisadi əlaqələrin yüksək səviyyədə olmadığını da təəssüf hissi ilə qeyd edib. Bu əlaqələrin inkişafı üçün yüksək potensialın olduğu diqqətə çatdırılıb. Sədr müavini Afrika İttifaqına daxil olan 26 ölkə ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıqdan danışıb, qeyd edib ki, bu ölkələr hər zaman Azərbaycanın ərazi bütövlüyü məsələlərində dəstək göstərirlər.
Beşinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak məqsədilə ölkəmizə səfər etdiyini deyən Aişə Abdullahi Azərbaycanda gördüyü qonaqpərvərlikdən və keçirdiyi görüşlərdən məmnunluğunu bildirib. O da öz növbəsində Afrika İttifaqının Azərbaycan ilə iqtisadi və mədəni sahələrdə əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb. Təhsil sahəsində bəzi işlərin görüldüyünü diqqətə çatdıran qonaq bildirib ki, hazırda Bakı Ali Neft Məktəbində və ADA Universitetində Afrika İttifaqından olan onlarla tələbə təhsil alır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev də iştirak edib.