İQTİSADİYYAT
Azərbaycan Akkreditasiya Mərkəzi Qazaxıstan, Moldova və Belarusun müvafiq qurumları ilə Anlaşma memorandumları imzalayıb
Bakı, 2 iyun, AZƏRTAC
MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının rəhbər şəxslərinin Bakıda keçirilən iclasında yekun protokol imzalanıb. Sənədə əsasən, şuraya sədrlik səsvermə ilə Azərbaycandan Özbəkistana ötürülüb.
AZƏRTAC xəbər verir ki, Özbəkistanın Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Agentliyinin baş direktoru Aktam Xaitov Dövlətlərarası Şuranın sədri seçilib.
Məlumat verilib ki, son iki ildə şuraya sədrliyi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov həyata keçirib. Ramiz Həsənov Şuranın rəmzi heykəlciyini özbək həmkarına təqdim edib.
İclasdan sonra Azərbaycan Akkreditasiya Mərkəzi ilə Qazaxıstanın Milli Akkreditasiya Mərkəzi, Moldovanın Akkreditasiya üzrə Milli Mərkəzi və Belarusun Akkreditasiya Dövlət Mərkəzi arasında akkreditasiya sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı ikitərəfli Anlaşma memorandumları imzalanıb.
Qeyd edək ki, mayın 30-dan iyunun 1-dək Bakıda MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının yaranmasının 25 illiyinə həsr olunan “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahələrində 25 il razılaşdırılmış siyasətin aparılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Üç gün davam edən tədbirdə MDB ölkələri arasında ticari əlaqələrin genişləndirilməsi, ticarətdə texniki maneələrin aradan qaldırılması, texniki tənzimləmə, standartlaşdırma, akkreditasiya sahələrində qarşılıqlı tanınmanın təminatının gücləndirilməsi və digər mövzularda müzakirələr aparılıb.