İQTİSADİYYAT
Azərbaycan Albaniyanın qazlaşdırılmasına dair baş planın inkişafında iştirak edəcək
Bakı, 19 dekabr, AZƏRTAC
Albaniyada Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Hökuməti arasında Albaniyanın qazlaşdırılmasına dair baş planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Mərasim energetika naziri Natiq Əliyevin, xarici işlər nazirinin müavini Xələf Xələfovun və Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin təmsil olunduğu Azərbaycan nümayəndə heyətinin Albaniya Respublikasına səfəri çərçivəsində keçirilib.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyəti dekabrın 19-da Albaniyanın Baş naziri Edi Rama, parlamentin sədri İlir Meta, bu ölkənin energetika və sənaye naziri Damian Giknuri ilə görüşlər keçirib. Görüşlərdə Albaniya və Azərbaycan arasında enerji sahəsində ikitərəfli münasibətlər, Trans-Adriatik qaz kəməri (TAP) və regionda həyata keçirilən digər enerji layihələri üzrə əməkdaşlıq məsələləri və perspektivlər müzakirə olunub.