SİYASƏT
Azərbaycan Əlcəzair ilə bütün sahələrdə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir VİDEO
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycanın Əlcəzairdəki səfiri Mahir Əliyev Əl-Nahar ictimai televiziyasına müsahibə verib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Mahir Əliyev bildirib ki, Əlcəzair ilə Azərbaycan arasında siyasi əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində çox sıx və qarşılıqlı inam şəraitində həyata keçirilir. Hökumət üzvləri və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirilib. Artıq hər iki ölkədə səfirliklər fəaliyyətə başlayıb və qarşılıqlı şəkildə əməkdaşlığın perspektivləri müzakirə olunur, araşdırılır.
Səfir diqqətə çatdırıb ki, Azərbaycan dövlətinin rəhbərliyi qardaş Əlcəzairlə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Əlcəzairlə Azərbaycanı ortaq din, mədəniyyət və tarixi əlaqələr sıx bağlayır. Azərbaycan regionun ən qədim tarixi, inkişaf etmiş iqtisadiyyatı və mədəniyyəti olan bir dövlətdir. İslam dünyası tarixində ilk respublikanı hələ 99 il öncə məhz azərbaycanlılar yaradıblar.
Daha sonra Mahir Əliyev deyib: “Azərbaycan iqtisadiyyatı ölkə rəhbərliyinin apardığı uzaqgörən iqtisadi siyasət nəticəsində çoxşaxəliliyə üstünlük verir. İndiki mərhələdə neft və qaz ixrac edən dövlətlərin rastlaşdığı çətinliklərlə Azərbaycan da üzləşib, lakin iqtisadiyyatın çoxşaxəliliyi nəticəsində ölkəmiz bu böhranı o qədər də hiss etməyib. Neft və qaz ixracatından əldə olunan gəlirlər planlı şəkildə sənayenin, kənd təsərrüfatının, infrastrukturun, turizmin və təhsilin inkişafına yönəldilib. Cəlbedici təbiəti, zəngin tarixi abidələri olan Azərbaycan, həm də çox əhəmiyyətli turizm ölkəsinə çevrilib. Azərbaycana turistlərin gəlişində olan bürokratik əngəllər Prezident İlham Əliyevin müvafiq qərarı ilə tamamilə aradan götürülüb və buraya gəlmək istəyən hər bir kəs çox sadələşdirilən üsulla onlayn viza ala bilər. Biz çox marağındayıq ki, digər ölkələrlə yanaşı, əlcəzairli turistlər də Azərbaycana gəlsinlər, ölkəmizin füsunkar təbiəti, gözəl xalqı, mədəniyyəti və adət-ənənələri ilə tanış olsunlar. Əhalisinin 90 faizini müsəlmanlar təşkil edən Azərbaycan dünyaya nümunə olan dini və milli tolerant əsaslara söykənən bir ölkədir. Burada yaşayan müsəlman, xristian və yəhudi icmaları tam azad və sərbəst şəkildə ölkənin həyatının bütün sahələrində bərabər hüquqlarda iştirak edirlər”.
M.Əliyev diqqətə çatdırıb ki, Azərbaycan öz xarici siyasətində İslam və ərəb dünyası ölkələri ilə əlaqələrinə xüsusi əhəmiyyət verir. “Biz digər ölkələrlə yanaşı, qonşu dövlətlərlə də sülh şəraitində yaşamaq siyasətinə üstünlük veririk, ölkəmiz öz xarici siyasətində tam müstəqildir. Heç bir xarici qüvvə bizim apardığımız xarici siyasətə təsir edə bilməz. Azərbaycan şimalda Rusiya kimi böyük dövlətlə, cənubda regionun çox böyük və qüdrətli dövləti olan İranla, qərbdə Gürcüstan və Ermənistanla, cənub-qərbdə qardaş Türkiyə ilə həmsərhəddir. Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə bütün sahələrdə ən yüksək səviyyəli əlaqələrimiz vardır”, - deyə səfir vurğulayıb. Ermənistanın müstəsna olmasına aydınlıq gətirən səfir deyib: “Bu dövlət Azərbaycana qarşı işğalçı siyasət yürüdən, bir sıra qonşuları kimi Azərbaycana qarşı da ərazi iddiaları irəli sürən işğalçı bir dövlətdir. Ermənistan digər xarici qüvvələrin güclü dəstəyi ilə Azərbaycanın ərazilərinin 20 faizini işğal edib və bu işğal artıq 25 ildən artıqdır ki, davam edir. Ermənistanın əsas iddiası Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə bağlıdır. Bu ərazini Ermənistanın tarixi torpaqları adlandıran ermənilər buraya və hətta hazırkı Ermənistan Respublikasına cəmi 150-170 il öncə Çar Rusiyası hökumətinin qərarı ilə İrandan və Türkiyədən köçürülərək yerləşdiriliblər. Onların yerləşdikləri torpaqlar və Ermənistan Respublikasının ərazisi Azərbaycanın əzəli torpaqlarıdır. Sovetlər ittifaqının dağıldığı mərhələdə ümumi xaosdan istifadə edən ermənilər onların arxasında duran xarici qüvvələrin və ovaxtkı sovet rəhbərliyinin dəstəyi ilə 1 milyondan artıq azərbaycanlını Ermənistan, Dağlıq Qarabağ və onun ətrafında olan ərazilərdən silah gücünə qovmuşdur. BMT Təhlükəsizlik Şurasının işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması haqqında 4 qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan öz qoşunlarını indiyə qədər geri çəkməyib və bu hal artıq region üçün çox təhlükəli bir vəziyyət yaradıb. İslam Əməkdaşlıq Təşkilatı ilə yanaşı, digər Avropa beynəlxalq təşkilatları da Ermənistanı işğalçı dövlət kimi tanıyır, Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Əlcəzair dövləti də eyni mövqedən çıxış edir və beynəlxalq müstəvidə Azərbaycanın haqq işini dəstəkləyir. Azərbaycan dövləti bu münaqişənin sülh yolu ilə həllinə çalışır. Azərbaycan heç kimin torpağına iddia etmir və özünün də bir qarış belə torpağını heç kimə vermək niyyətində deyil”,- deyə səfir əlavə edib.