ORDU
Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışının məzunları ilə görüş keçirilib
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışının məzunları ilə görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin, xüsusi təyinatlı təhsil müəssisələri rəhbərlərinin və gənc leytenantların iştirakı ilə keçirilən tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi, dövlət himninin ifası ilə başlayıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək onları ilk zabit rütbələri almaları münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrdə aparılan islahatlar, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirlər, təşkilat-ştat strukturunun təkmilləşdirilməsi barədə danışan müdafiə naziri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələri diqqətə çatdırıb. “Döyüş hazırlığının artırılması məqsədilə silahlanmaya ən müasir döyüş texnikası, raket və artilleriya sistemləri, hərbi təyinatlı digər vasitələr qəbul edilir, modernləşmə aparılır, müxtəlif səviyyəli genişmiqyaslı təlimlər keçirilir, yeni poliqonlar tikilir, mütəxəssislərin hazırlığı və digər fəaliyyətlər davam etdirilir”, - deyə Z.Həsənov qeyd edib.
Bildirilib ki, hərbi qulluqçuların təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin daim diqqətdə saxlanılması və yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi də dövlətimizin prioritet istiqamətlərindəndir. Nazir deyib ki, Azərbaycan Ordusunun hər bir zabiti rəhbərlik etdiyi kollektivə şəxsi nümunə və dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir. Ordu qarşısında bir vəzifə dayanır: müharibəyə hazır olmaq və torpaqlarımızı düşməndən azad etməklə ərazi bütövlüyümüzü təmin etməkdir.
Zabitlərə hərbi xidmətlərində uğurlar arzulayan nazir əmin olduğunu bildirib ki, hər bir hərbi qulluqçu üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə dəyərli töhfələr verəcək.