CƏMİYYƏT
Azərbaycan Əlil Təşkilatları İttifaqının ümumi yığıncağı keçirilib
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) XIV ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Əlillərin Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş tədbirdə ƏTİ-nin prezidenti Davud Rəhimli əlillərin aktual problemləri və onların həlli yollarından danışıb. Bildirib ki, Azərbaycan 2008-ci ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Konvensiyaya qoşulub. ƏTİ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi əsasında “Bina və qurğuların layihələndirilməsində əlilliyi olan və hərəkət imkanları məhdud şəxslər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması Qaydaları”nı hazırlayaraq Nazirlər Kabinetinə göndərib.
Yığıncaqda əlillərin məşğulluğun təmin olunması həlli vacib məsələlərdən biri kimi qeyd edilib. Diqqətə çatdırılıb ki, təhsildə mövcud problemlər məşğulluğun təmin olunmasına birbaşa təsir edir. Bunun nəticəsidir ki, əlilliyi olan şəxslərin böyük əksəriyyəti işləmir.
Davud Rəhimli qeyd edib ki, problemlərin tədricən həlli üçün qanunların icra olunmasının icra mexanizminin dəqiqləşdirilməsinə, işəgötürənlərə güzəştlərin tətbiq olunmasına, qanunların və digər hüquqi-normativ aktların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsinə, o cümlədən ictimai nəzarətin artırılmasına ehtiyac vardır.
ƏTİ-nin prezidenti Davud Rəhimli İttifaqın hesabat dövründə gördüyü işlər haqqında məlumat verib. Qeyd olunub ki, ƏTİ missiyası və məqsədlərinə uyğun olaraq inklüziv cəmiyyətin formalaşması, əlilliyi olan şəxslərin təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi və dəstəklənməsi istiqamətlərində işləri davam etdirib. Donor təşkilatlarla birgə 3 layihə həyata keçirilib. “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” adlı Tempus layihəsi çərçivəsində Avstriya, Polşa, Yunanıstan ali təhsil müəssisələrinə səfərlər təşkil edilib, təlimlər keçirilib, təcrübə mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hamı üçün bərabər imkanlar - Universal Dizayn Mərkəzinin yaradılması və infrastrukturun monitorinqi” layihəsinin icrası başa çatdırılıb, həmçinin ƏƏSMN-in sosial sifarişi əsasında Yardımlıda “Günərzi qayğı” mərkəzi yaradılıb və fəaliyyəti təmin olunub.
Diqqətə çatdırılıb ki, ƏTİ Beynəlxalq Əlillər Birliyi və Beynəlxalq Əlil Təşkilatlarının Berlində, Vyanada və Tbilisidə keçirilmiş tədbirlərində təmsil olunub. Bundan əlavə, 642 nəfər əlilliyi olan şəxsə və ya onların təşkilatlarına hüquqi və konsultativ (məlumat) xarakterli yardımlar göstərilib, həmçinin 54 nəfərin sosial problemlərinin həllinə kömək olunub, 3 nəfər əlilin məşğulluğunun təmin olunması təmin edilib. Bununla yanaşı, www.udpo.az veb portalı NETTY2015 Azərbaycan Milli İnternet Mükafatının qalibi olub.
Tədbirdə yekun qətnamə qəbul olunub.