İQTİSADİYYAT
Azərbaycan-Almaniya biznes forumu keçirilib
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyası və Almaniyanın Türingiya İqtisadi İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-Almaniya biznes forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, biznes forumda Almaniyanın iqtisadi cəhətdən inkişaf etmiş Türingiya bölgəsinin tanınmış şirkətlərinin nümayəndələri, habelə Türingiyanın İqtisadi İnkişaf Agentliyinin rəhbərliyi və 60-dan çox Azərbaycan şirkətlərinin təmsilçiləri iştirak edib.
Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov Azərbaycan iqtisadiyyatı ilə bağlı ətraflı məlumat verərək iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndiyindən, son illər ölkəmizin etibarlı tərəfdaş olduğundan söhbət açıb.
Bildirilib ki, Türingiyadan ölkəmizə işgüzar səfər edən 15-ə yaxın alman şirkəti arasında dünya şöhrətli “EPC Engineering”, “Funkwerk”, “Butzbach GmbH”, “Lehnard” CERT GmbH və digər şirkətlər də var. Bu şirkətlər Azərbaycanda özlərinə tərəfdaş tapmaq və əməkdaşlıq etmək niyyətindədir.
Almaniyanın Türingiya bölgəsinin İqtisadi İnkişaf Agentliyinin direktoru Andres Kruyun iki ölkənin sahibkarlıq təşkilatları arasında olan əlaqələr barədə məlumat verərək, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin daha da inkişafı üçün biznes forumların, işgüzar görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.
Biznes forumda AZPROMO-nun rəhbərinin müşaviri Natiq Mədətov təqdimatla çıxış edib.
Tədbirdə həmçinin nəqliyyat və logistika, memarlıq, ekologiya və kimya sənayesi sahəsində həyata keçirilən irimiqyaslı layihələr və alman iş adamları üçün maraq doğuracaq sahələr barədə ətraflı məlumat verilib.
Biznes forum öz işini Azərbaycan və Almaniya iş adamlarının ikitərəfli görüşləri ilə davam etdirib.