SİYASƏT


Azərbaycan-Almaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov avqustun 10-da ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz üzrə dostluq qrupunun sədri xanım Karin Ştrents ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, X.Xələfov ölkəmizin Almaniya ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərini və səfər çərçivəsində aparılan danışıqların, xüsusilə Federal Kansler Angela Merkel ilə görüşünün ölkələrimiz arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Azərbaycanın və Almaniyanın xarici işlər nazirlərinin qarşılıqlı səfərlərini, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədri statusunda Frank Valter Ştanmayerin bu yaxınlarında Azərbaycana səfərini, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında mütəmadi xarakter daşıyan siyasi məsləhətləşmələr mexanizmini qeyd edən X.Xələfov ikitərəfli siyasi dialoqun inkişafından məmnunluğunu ifadə edib. O, Almaniyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu qeyd edib, ölkələrimiz arasında strateji tərəfdaşlıq müstəvisində iqtisadi, ticarət, mədəni və humanitar əlaqələrin daha da inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.

X.Xələfov əməkdaşlığın irəliyə doğru aparılmasında parlamentlərarası əlaqələrin mühüm rol oynadığını bildirib, bu xüsusda Karin Ştrentsin ölkəmizə, Azərbaycan parlament nümayəndə heyətinin isə Almaniyaya səfərinin ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Karin Ştrents Azərbaycanda müşahidə etdiyi inkişafa münasibətdə sevincini ifadə edərək, Bakıda keçirilən Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşünün əhəmiyyətini vurğulayıb. O, bu görüşün təşkil olunmasında Prezident İlham Əliyevin rolunu və dövlətimizin başçısının digər ölkə başçıları ilə şəxsi münasibətlərini xüsusi olaraq qeyd edib.

X.Xələfov Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda keçirilən Azərbaycan, İran və Rusiya dövlət başçılarının Zirvə görüşünün regional əməkdaşlıq baxımdan mühüm əhəmiyyət kəsb etdiyini və regionun tarixində yeni səhifə açdığını vurğulayıb. Görüşün əhatəli gündəliyə malik olduğunu deyən nazir müavini siyasi, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, Xəzər dənizində əməkdaşlığın möhkəmləndirilməsi, nəqliyyat, sənaye, energetika və xüsusilə “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı baxımdan əlverişli imkanlar yaratdığını bildirib. Azərbaycanın digər region dövlətləri ilə də üçtərəfli əsasda əməkdaşlığa malik olduğunu deyən X.Xələfov bu formatda əlaqələrin bütün regionun rifahına xidmət etdiyini söyləyib.

Ermənistanın təhriki və təxribatı ilə baş vermiş məlum aprel hadisələrinə toxunan X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi, prezidentlər səviyyəsində Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər haqqında məlumat verib. Beynəlxalq ictimaiyyət tərəfindən mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı hesab edildiyini deyən nazir müavini münaqişənin həll edilməməsinin region üçün ciddi təhlükə mənbəyi olduğunu diqqətə çatdırıb. Vəziyyətin yenidən gərginləşməsinin qarşısını almaq üçün status kvonun dəyişdirilməsinin və Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymasının vacibliyini qeyd edən X.Xələfov Azərbaycanın münaqişənin ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə toxunan X.Xələfov “Cənub” qaz dəhlizinin inkişafı və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola diqqəti çəkib.

Ətraflı məlumata görə təşəkkürünü ifadə edən Karin Ştrents iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində dostluq qrupunun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.