MƏDƏNİYYƏT
Azərbaycan Almaniyada keçirilən sərgidə təmsil olunub
Bakı, 19 yanvar, AZƏRTAC
Almaniyanın Maqdeburq şəhər bələdiyyəsinin təşkilatçılığı ilə ənənəvi “Demokratiya yolları” adlı sərgi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, sərgidə Almaniyada fəaliyyət göstərən müxtəlif xalqların cəmiyyət və təşkilatları iştirak ediblər.
Azərbaycanı sərgidə hər il olduğu kimi, Zakhsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil edib.
Tədbirdə Azərbaycan həqiqətləri, ölkəmizin zəngin təbiəti, mədəniyyəti, coğrafiyası, mətbəxi haqqında məlumat verilib və iştirakçılara bu məlumatları özündə əks etdirən kitablar hədiyyə olunub.
Cəmiyyətin sədri Yaşar Niftəliyev tədbirdə iştirakçılara əsasən 20 Yanvar faciəsi və Qarabağ həqiqətləri barədə məlumat verib. O, sovet ordusunun Bakıya hərbi təcavüzü nəticəsində 147 dinc sakinin amansızcasına qətlə yetirilməsi, yüzlərlə günahsız insanın yaralanması, qanunsuz olaraq həbs edilməsi kimi faktları yerli ictimaiyyətin diqqətinə çatdırıb.
Yaşar Niftəliyev, eyni zamanda, Qarabağ həqiqətləri – Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, Xocalı soyqırımı, bir milyondan artıq insanın öz doğma torpağından didərgin düşərək qaçqın və köçkün həyatı yaşaması haqda tədbir iştirakçılarını məlumatlandırıb.
Artıq 7-ci ildir keçirilən sərgini 10 mindən artıq insan ziyarət edib. Onların arasında Zakhsen-Anhalt əyalətinin Baş naziri Reiner Hasellhoff, daxili işlər naziri Holger Stahlknest də olub. Nazirlərin Azərbaycana dair suallarını cavablandıran Y.Niftəliyev onlara ölkəmizlə bağlı kitablar hədiyyə edib.