ELM VƏ TƏHSİL


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 10 illik yubileyi qeyd olunub

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) bu ali təhsil ocağının 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə akademiyanın 10 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

AƏSMA-nın rektoru, professor Hüseyn Qaraşov akademiyanın yaranması, keçdiyi tarixi inkişaf yolu, perspektivləri barədə danışıb. Rektor Azərbaycanda dövlət başçısının təhsilin inkişafı ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən, ölkəmizdə elmə, təhsilə və gənclərin inkişafına göstərilən diqqət və qayğıdan söz açıb. Bu istiqamətdə AƏSMA-da həyata keçirilən tədbirlərdən, xüsusilə son illər ərzində tədrisin təşkili mexanizmi, fəaliyyət strategiyası, maddi-texniki bazanın genişləndirilməsi və əsas hədəflər barədə ətraflı məlumat verib.

Bildirilib ki, akademiyada beş ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Bu ixtisaslar üzrə 750-dək tələbə iki fakültə və dörd kafedrada təhsil alır. İndiyədək filialdan 403, akademiyadan isə 1562 nəfər məzun olub.

Hazırda akademiyada üç əsas istiqamətdə elmi tədqiqat işləri aparılır.

H.Qaraşov deyib ki, 2014-cü ildə “Əmək və sosial münasibətlər” elmi-praktik jurnalı təsis edilib. Jurnalın işıq üzü görməsi akademiyanın həyatında qazanılan uğurlardan biridir. 2015-2016-cı illərdə üç xarici, bir yerli ali təhsil müəssisəsi ilə əməkdaşlıq haqqında protokol imzalanıb. Akademiya yarandığı gündən tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinə səy göstərir.

Rektor akademiyanın kollektivinin bundan sonra da bu vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini bildirib, müəllim və tələbələrə, məzunlara uğurlar arzulayıb.

Akademiyanın təsisçisi olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, Rusiya Federasiyası Sosial Elmlər Akademiyasının akademiki, professor Səttar Mehbalıyev yubiley münasibətilə AƏSMA-nın kollektivini təbrik edib. Cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu qeyd edən S.Mehbalıyev ölkəmizdə bu sahədə səmərəli islahatların aparıldığını, proqram və layihələrin reallaşdırıldığını diqqətə çatdırıb.

AHİK-in sədri Azərbaycan həmkarlar ittifaqlarının keçdiyi çətin inkişaf yolundan və ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikada bu qurumlara olan münasibətdən danışıb. Bildirilib ki, Ulu Öndər zəhmətkeşlərin əmək hüququnun və mənafelərinin müdafiə olunması sahəsində həmkarlar ittifaqlarının rolunu həmişə yüksək qiymətləndirib. S.Mehbalıyev beynəlxalq standartlara cavab verən yüksək ixtisaslı kadrların hazırlanması işinin məsuliyyətindən, müasir dövrdə təhsilin vacibliyindən danışıb, akademiyanın bundan sonrakı fəaliyyətində də mühüm uğurlar əldə edəcəyinə əminliyini bildirib.

Akademiyanın kafedra müdiri Süleyman Şirinov son illərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsilin yeni texnologiyalar əsasında təşkilində ciddi uğurlar qazanılması, fakültədə və kafedralarda elmi-tədqiqat və elmi-metodik işlərin planlaşdırılması, dərslik və dərs vəsaitlərinin, proqramların yazılması istiqamətində görülən işlərdən, kadr hazırlığına göstərilən yüksək qayğıdan söz açıb.

AƏSMA-nın məzunları və valideynlər akademiyada yüksək keyfiyyətli təhsil üçün yaradılan şəraitdən, bu təhsil müəssisəsinin üstünlüklərindən danışıblar.

Təhsilin inkişafında göstərdikləri xidmətlərə görə akademiyanın bir qrup əməkdaşına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanları təqdim edilib.

Rəsmi hissənin sonunda AƏSMA-nın məzunlarının təbriklərini əks etdirən videoçarx nümayiş olunub.

Tədbir maraqlı konsert proqramı ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.