SİYASƏT


Azərbaycan-Andorra əlaqələri müzakirə olunub

Madrid, 6 yanvar, AZƏRTAC

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov yanvarın 5-də Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunye ilə görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyi qeyd edilib.

Daha sonra tərəflər arasında baxılmaqda olan saziş layihələrinə dair müzakirələr aparılıb. Andorra xarici işlər naziri yerli şirkətlərin Azərbaycanda sərmayə yatırmaqda həvəsli olduğunu bildirib, bu baxımdan ölkəsinin Azərbaycanla iqtisadi yönümlü sahədə əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edib.

Səfir A.Məhərrəmov son zamanlar Azərbaycanda iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat verib, bunun artıq öz müsbət nəticələrini verdiyini bildirib. Azərbaycanın qarşılıqlı maraqlar əsasında digər ölkələrlə əməkdaşlıq edilməsinin tərəfdarı olduğunu bildirən səfir bu baxımdan Andorra ilə münasibətlərin genişləndirilməsinin mümkünlüyünü qeyd edib.

Daha sonra nazir ötən ilin sonunda təmas xəttində baş verən gərginlikdən narahatlığını ifadə edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə maraqlanıb.

Təmas xəttində yaşanan son gərginliyin Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilmiş növbəti təxribat əməli olduğunu bildirən səfir A.Məhərrəmov bu baxımdan Ermənistanın daha ağır nəticələrlə üzləşdiyini qeyd edib.

Nazir münaqişənin sülh yolu ilə, ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin tərəfdarı olduğunu qeyd edib, bu məsələdə tezliklə ədalətin bərqərar olunacağına ümid etdiyini bildirib.

Söhbət zamanı səfir A.Məhərrəmov Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı layihələrdən danışıb, bu layihələrin region ölkələrinin inkişafına xidmət etdiyini bildirib. Ermənistanın apardığı işğalçı siyasət nəticəsində sözügedən layihələrdən kənarda qaldığını diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.