İQTİSADİYYAT


Azərbaycan Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verir

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycan Asiya İnkişaf Bankı (AİB) ilə əməkdaşlığa önəm verir. AİB Azərbaycanda bir sıra layihələrin reallaşdırılmasına maliyyə dəstəyi göstərib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin noyabrın 15-də Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq ilə görüşündə bildirilib.

Görüşdə Azərbaycan və AİB əməkdaşlığının genişləndirilməsi perspektivləri, bankın dəstəyi ilə həyata keçirilən layihələrin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Nazir Şahin Mustafayev Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verdiyini, bankın ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasına maliyyə dəstəyi göstərdiyini qeyd edib. Bildirilib ki, indiyədək AİB tərəfindən ölkəmizdə həyata keçirilən müxtəlif layihələrə 2,8 milyard dollar kredit ayrılıb. Azərbaycan AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramında da fəal iştirak edir. 2008-ci və 2011-ci illərdə CAREC-in Nazirlər Konfransının, 2015-ci ilin mayında AİB-in Müdirlər Şurasının 48-ci İllik Toplantısının Bakıda keçirilməsi uğurlu əməkdaşlığımızın göstəriciləridir.

Azərbaycanda həyata keçirilən iri enerji və infrastruktur layihələrindən danışan Şahin Mustafayev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi üzrə I mərhələnin yekunlaşdığını, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı və ölkəmizdə azad ticarət rejimli xüsusi iqtisadi zonanın yaradılması istiqamətində işlərin davam etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, AİB-lə infrastruktur layihələrinin icrası istiqamətində əməkdaşlıq davam etdirilə bilər. Bu istiqamətdə, həmçinin xüsusi iqtisadi zonalara, xüsusilə Ələt azad ticarət rejimli Xüsusi İqtisadi Zonasında və sənaye parklarında birgə layihələr həyata keçirilməsi mümkündür. Azərbaycan Prezidentinin islahatlar paketi çərçivəsində ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Şahin Mustafayev bankın özəl sektora maliyyə dəstəyi göstərməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, AİB-in kiçik və orta sahibkarlarla işləyən kredit ittifaqları ilə əməkdaşlığının genişləndirilməsi və özəl sektora ayrılan kreditlərin həcminin artırılması önəmlidir. Həmçinin qeyd olunub ki, AİB real sektora birbaşa kredit xətləri açmaqla bərabər, şirkətlərin səhm kapitalında payçı kimi iştirak edə, kənd təsərrüfatı sahəsində aqrobiznes layihələrində dövlət-özəl-bank əməkdaşlığı formatında layihələrə qoşula bilər. Nazir Şahin Mustafayev iqtisadiyyatın digər sahələrində də AİB-lə əməkdaşlıq perspektivləri barədə fikirlərini bildirib.

Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq bankın Azərbaycanla 1999-cu ildən uğurlu əməkdaşlıq etdiyini qeyd edərək, AİB-in növbəti 3 il üçün prioritetləri barədə məlumat verib. Azərbaycan-AİB əlaqələrinin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşən Vençay Janq infrastruktur, enerji, göllərin təmizlənməsi, xüsusi iqtisadi zonaların yaradılması və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.