İQTİSADİYYAT
Azərbaycan Avrasiya Patent Təşkilatı çərçivəsində əqli mülkiyyət sahəsində 4-cü yerdədir
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Avrasiya Patent Təşkilatı çərçivəsində əqli mülkiyyət sahəsində 4-cü yerdədir. Respublikada hazırda əqli mülkiyyətlə bağlı 6 mindən çox patent qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 25-də Bakı şəhərində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatı tərəfindən “Patent hüquqlarında müasir istiqamətlər” mövzusunda keçirilən regional seminarda məlumat verilib.
Seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbərinin müavini Niyazi Rəhimov ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsində əqli mülkiyyətin rolu və bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb. Onun sözlərinə görə, cari iqtisadi proseslər Azərbaycanda qeyri-neft sahəsinin, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurətini artırmaqdadır. Bu müstəvidə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar məhz iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına yönəlib.
Qeyd olunub ki, hüquqi dövlət quruculuğu nəticəsində ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və effektiv idarə olunması üçün müasir hüquqi-normativ baza yaradılıb, texnologiyalar üzərində müstəsna hüquq sahibləri və sənaye arasında münasibətlərin tənzimlənməsi, bununla da innovasiyaların sənayedə daha da geniş tətbiq edilməsi üçün lazımi tədbirlər həyata keçirilib. O, Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin iqtisadi effektivliyə malik, müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da surətlə bərqərar olmasına xidmət etdiyini bildirib. Niyazi Rəhimov təşkil olunan bu seminarın da əsas məqsədinin məhz əqli mülkiyyət obyektləri üzərində hüquqların düzgün müəyyən olunması və qorunması mexanizmlərindən məlumatlılığın artırılmasına xidmət etdiyini diqqətə çatdırıb.
ÜƏMT-nin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr departamentinin nümayəndəsi İlya Qribkov Azərbaycanla əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın ÜƏMT ilə əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələrin həyata keçirildiyini və ölkəmizin bu layihələrin hər zaman uğurlu icraçısı kimi yadda qaldığını söyləyib.
Avrasiya Patent Təşkilatının (AAPT) prezidenti Saule Tlevlesova əqli mülkiyyət sahəsində Azərbaycanın uğurlarını, əqli mülkiyyət sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək işlər və gələcəkdə əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyindən əminliyini qeyd edib.
Seminarda “Üzv ölkələrdə əqli mülkiyyət sisteminin inkişafı sahəsində ÜƏMT-nin fəaliyyəti”, “Patentlərin qorunması və istifadəsində müasir istiqamətlər”, “Beynəlxalq patent sisteminin ən yeni nailiyyətləri”, “Patent sahəsində Azərbaycan qanunvericiliyi, norma yaradıcılığı fəaliyyəti”, “Patentlərin səmərəliliyi”, “Əczaçılıq sahəsində patent qabiliyyətinin qiymətləndirilməsi” və digər mövzularda məruzələr dinlənilib.
Tədbirdə adı çəkilən qurumların nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının, Müəllif Hüquqları Agentliyinin, Rusiya Federasiyasının, Özbəkistan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistanın patent idarələrinin rəsmi nümayəndələri də iştirak edir.
Seminar 2 gün davam edəcək.