İQTİSADİYYAT


Azərbaycan Avropa Statistikləri Konfransının Cenevrədə keçirilən 65-ci plenar sessiyasında təmsil olunur

Bakı, 20 iyun, AZƏRTAC

İsveçrənin Cenevrə şəhərində Avropa Statistikləri Konfransının 65-ci plenar sessiyası və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin milli statistika idarələrinin rəhbərləri üçün BMT-nin Avropa İqtisadi Komissiyasının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə yol xəritəsinin yerinə yetirilməsinə dair seminar keçirilir. Tədbirlərdə Azərbaycanı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.

Komitədən AZƏRTAC-a bildirilib ki, 4 gün davam edəcək tədbirlərdə Avropa İqtisadi Komissiyasının 67-ci və BMT-nin Statistika Komissiyasının 48-ci sessiyaları ilə əlaqədar qarşıda duran vəzifələr, yoxsulluğun ölçülməsi, geoməkan məlumatlarla rəsmi statistikanın inteqrasiyası, rəsmi statistikanın modernləşdirilməsi üzrə yüksək səviyyəli qrupun fəaliyyəti, dayanıqlı inkişaf məqsədləri üzrə milli strategiya və planlar, məlumat axınlarının əlaqələndirilməsi və statistikanın təşkili ilə bağlı atılacaq addımlar və digər məsələlərin müzakirəsi aparılacaq. Belə ki, Avropa Statistikləri Konfransının himayədarlığı ilə yoxsulluğun ölçülməsi, Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədar statistik fəaliyyətin təşkilinə dair yol xəritəsi, iqlim dəyişmələri ilə bağlı əsas göstəricilər, rəsmi statistikanın əhəmiyyəti, demoqrafik proqnozlar üzrə məlumatlara dair hazırlanmış hesabatlar dinləniləcək, qayda və tövsiyələr nəzərdən keçiriləcək.

Milli statistika idarələrinin rəhbərləri ilə yanaşı, beynəlxalq təşkilatların statistika bölmələrinin rəhbərləri və ekspertlərinin iştirak etdiyi seminarın sessiyalarında DİM-ə nailolma vəziyyətinin qiymətləndirilməsinin həyata keçirilməsi sahəsində irəli sürülən təşəbbüslər, ölkələrin nail olduğu irəliləyişlər, üzləşdiyi əsas problemlərə və gələcək fəaliyyətlərə dair məruzələr təqdim olunacaq. Eyni zamanda, DİM-lə əlaqədar statistikanın təkmilləşdirilməsi prosesində Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin qarşılaşdığı strateji əhəmiyyətli məsələlərin həlli yollarının müzakirəsi aparılacaq, qabaqcıl təcrübələr təqdim olunacaq.

Həmçinin gündəliyə DİM üzrə statistik fəaliyyətlə əlaqədar milli statistika təşkilatlarının strategiya və fəaliyyət planlarına dair Avropa İqtisadi Komissiyası tərəfindən keçirilmiş sorğunun nəticələri, Avropa Statistikləri Konfransının DİM statistikası üzrə İdarəetmə Qrupu tərəfindən statistik fəaliyyətin təşkili ilə əlaqədar hazırlanmış yol xəritəsi, DİM-in ölçülməsi prosesində milli statistika təşkilatlarının əlaqələndirici rolu, DİM üzrə milli hesabatlıq platformalarının xüsusiyyətləri, DİM statistikası üzrə fəaliyyətin əlaqələndirilməsi mövzuları da daxil edilib.

Seminarın sonunda Avropa Statistikləri Konfransının yekun hesabatı qəbul edilərək növbəti dövr üçün (2017-2019-cu illər) Konfransın Büro üzvləri seçiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.