İDMAN
Azərbaycan Avropanı qonaqlayacaq qədər geniş ürəyə sahibdir
Bakı, 7 iyul, Flora Şükürova, AZƏRTAC
Ötən ay Bakı tarixi bir yarışmaya ev sahibliyi etdi. Tarixin ilk Avropa oyunlarını qısa bir müddətdə uğurla təşkil edən ölkəmiz 17 gün ərzində keçirilən, möhtəşəm açılış və bağlanış mərasimləri ilə izləyiciləri valeh edən, nəinki Avropada, həmçinin "qoca qitə"nin hüdudlarından kənarda da yayımlanaraq milyonlarla tamaşaçıya vacib ismarıcımızı çatdırdı. Bir daha sübut etdi ki, artıq Azərbaycan qitə və beynəlxalq miqyaslı istənilən idman yarışını, istənilən tədbiri yüksək səviyyədə təşkil edəcək və keçirəcək qüdrətli bir ölkədir. Bu amil ölkəmizin beynəlxalq arenada müsbət siyasi imicinin formalaşmasında müstəsna rol oynayır.
Digər tərəfdən ilk Avropa oyunları ölkəmiz və xalqımız üçün əsrlərdən bəri formalaşan, zamanın girdabından keçərək daha da zənginləşən və günümüzədək gəlib çatan mədəni irsimizin bütün dünyaya yenidən tanıdılması üçün çox gözəl bir fürsət oldu. Avropa Oyunlarının iştirakçısı olan və 50-dən çox ölkəni təmsil edən altı mindən çox idmançı, tarixin ilk qitə oyunlarının canlı izləyicisi olmaq fürsətini qaçırmaq istəməyən minlərlə turist - bütün bu insanlar həm də öz ölkələrinin mədəni irsinin daşıyıcılarıdır. Şərq və Qərb mədəniyyətinin inanılmaz sintezinin yaşandığı Azərbaycanı gəzmək, milli adət-ənənələrimizi canlı izləmək, folklorumuzla yaxından tanış olmaq - bütün bunlar ilk Avropa Oyunlarının qonaqlarımız üçün yaratdığı mədəniyyətlərarası mübadilə imkanlarından yalnız bir qismidir. Azərbaycanın gözəlliklərini və mədəni irsinin zənginliyini nümayiş etdirmək üçün Avropa Oyunları ən yaxşı vasitələrdən biri oldu.
Qəlb rahatlığı ilə əmin ola bilərik ki, odlar yurdu Azərbaycandan ölkələrinə geri dönən hər bir xarici vətəndaşın "Sizə Azərbaycandan salam gətirmişəm" ifadəsi onun fəaliyyət göstərdiyi mühiti üçün ilk Avropa Oyunlarına ev sahibliyi edən ölkəmiz haqqında daha geniş və zəngin məlumat mənbəyi olacaq. Azərbaycan bir daha sübut etdi ki, ərazisi kiçik, əhalisinin sayı digər ölkələrdən az olsa da, bütün Avropanı qonaqlayacaq qədər geniş ürəyə sahibdir.