ELM VƏ TƏHSİL
Azərbaycan Avropanın ən böyük tələbə assosiasiyasında təmsil olunacaq
Bakı, 27 may, AZƏRTAC
Mayın 20-dən 25-dək İsveçrənin Lozanna şəhərində Avropanın ən böyük tələbə assosiasiyası olan Erasmus Tələbə Şəbəkəsinin (ETŞ) milli nümayəndələr iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda 37 ölkədən 80-dək gənc iştirak edib.
İclasda Azərbaycanın Erasmus Tələbə Şəbəkəsinə üzvlüyə qəbul olunması ilə bağlı təklif irəli sürülüb və müzakirəyə çıxarılıb. İclasda Azərbaycan nümayəndəliyinin təqdimatını Elmar Quliyev edib. İclasın növbəti günü Azərbaycanın üzvlük məsələsi səsverməyə çıxarılıb və 34 ölkə Azərbaycanın lehinə səs verib.
Qeyd edək ki, Erasmus Tələbə Şəbəkəsi Avropanın ən böyük tələbə assosiasiyasıdır. Təşkilat 1989-cü il oktyabrın 16-da təsis olunub və 1990- cı ildə rəsmi qeydiyyatdan keçib. Erasmus Tələbə Şəbəkəsi 37 ölkənin 430-dək ali təhsil müəssisəsində təmsil olunur. Şəbəkə daim inkişaf edir və genişlənir. Şəbəkənin 13 min 500-dək fəal üzvü var. Belə ki, ETŞ hər il Erasmus və digər mübadilə proqramları ilə təhsil alan 180 mindən çox gənci öz xidmətləri ilə əhatə edir. Təşkilatın baş ofisi Belçikanın Brüssel şəhərində yerləşir.