SİYASƏT
Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uellsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu il Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini bildirən Milli Məclisin sədri deyib: “Biz şadıq ki, bu münasibətlə keçirilən tədbirlərdə Avstraliya nümayəndə heyəti də yüksək səviyyədə təmsil olunur”.
Sədr vurğulayıb ki, son illər ölkələrimiz arasında həyatın müxtəlif sahələrində, o cümlədən parlamentlər səviyyəsində münasibətlər sürətlə inkişaf etməkdədir. “Heç də təsadüfi deyil ki, Avstraliya parlamentinin nümayəndə heyəti 2015-ci ildə Azərbaycanda keçirilmiş parlament seçkilərini və 2016-cı ilin sentyabrında ölkə Konstitusiyasına dəyişikliklərlə əlaqədar referendumu müşahidə etmək üçün Azərbaycana səfər edib və Milli Məclisdə görüşlər keçiriblər.
Biz inanırıq ki, yüksək səviyyəli siyasi münasibətlərimiz iqtisadi əlaqələrimizin inkişafına da öz müsbət təsirini göstərəcək”,- deyə Oqtay Əsədov vurğulayıb.
Konçetta Fierravanti-Uells ölkəmizdə gördüklərindən məmnunluq hissi duyduqlarını vurğulayıb. Qeyd edib ki, qısa zaman kəsiyində Azərbaycan böyük nailiyyətlərə imza atıb. Bildirib ki, ölkəmizin dostu kimi bu uğurlar onları da sevindirir.
Səfər çərçivəsində keçirdikləri görüşlərdən, aparılan danışıqlardan söz açan qonaq ölkəsinin Azərbaycan ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafında maraqlı olduğunu deyib. Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərin daha da dərinləşməsi iqtisadi, humanitar, mədəni sahələrdə münasibətlərimizin inkişafına da yaxşı zəmin yaradır.
Söhbət zamanı Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.