CƏMİYYƏT
Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Regional Komissiyasına sədrlik edəcək
Bakı, 17 oktyabr, AZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənddə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyasının növbəti 5-ci sessiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyada Türkiyənin təklifi ilə Komissiyaya ikiillik müddətə Azərbaycanın sədrliyi irəli sürülüb və yekdilliklə qəbul olunub. Komissiyanın sədri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev seçilib.
Sessiyada balıqçılıq və akvakultura üzrə qanunvericiliyin təkmilləşdirilməsi, balıqçılığın idarə edilməsi sahəsində Azərbaycanın uğurları xüsusilə qeyd edilib. Azərbaycanda balıqçılıq təsərrüfatı və akvakulturanın beynəlxalq standartlara, qabaqcıl təcrübəyə və sazişlərə uyğunluğunun təmin edilməsində, dövlət inkişaf proqramının hazırlanmasında ölkəmiz tərəfindən bir sıra vacib olan tədbirlərin həyata keçirilməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rolu yüksək qiymətləndirilib.
Sessiyada Gürcüstan, Qazaxıstan və Özbəkistanın 2017-ci ildə Komissiyaya üzv olmalarına dair qərar qəbul edilib.