İQTİSADİYYAT


Azərbaycan BMT-nin SPECA proqramı çərçivəsində mühüm nailiyyətlər əldə edib

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Azərbaycanın BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) qoşulmasından ötən illər ərzində region ölkələrinin inteqrasiyasının dəstəklənməsi və dünya iqtisadiyyatına qoşulmaları istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə energetika nazirinin müavini Gülməmməd Cavadovun BMT baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının (BMT AİK) icraçı direktoru Kristian Fris Bax ilə görüşündə danışılıb. Görüş Azərbaycan hökumətinin BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramına sədrliyi çərçivəsində Gəncə şəhərində keçirilən SPECA İqtisadi Forumu və İdarəetmə Şurasının 11-ci sessiyası çərçivəsində baş tutub.

Azərbaycanın BMT üzvü kimi keçdiyi tarixi inkişaf yolundan bəhs edən energetika nazirinin müavini G.Cavadov ölkəmizin bu beynəlxalq təşkilatın qurumlarına inteqrasiyası baxımından BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün Xüsusi Proqramını yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan 2002-ci ildən bu Proqrama qoşulub. Bu illər ərzində region ölkələrinin inteqrasiyasının dəstəklənməsi və dünya iqtisadiyyatına qoşulmalarının təşviqi, prioritetlərin maliyyələşdirilməsinə daxili və xarici resursların cəlb olunması, region ölkələrində BMT-nin Avropa İqtisadi Komissiyasının, Asiya və Sakit Okean regionu üçün İqtisadi və Sosial Komissiyasının standart və normalarının daha fəal tətbiq olunması istiqamətində mühüm nailiyyətlər əldə edilib.

BMT AİK-in icraçı direktoru Kristian Fris Bax isə 2030-cu ilədək Xüsusi Proqramın hədəfləri və prioritetləri barədə məlumat verib. Mərkəzi Asiya ölkələrinin dayanıqlı iqtisadi inkişafını çətinləşdirəcək mümkün problemlərdən danışıb. Onun sözlərinə görə, proqrama üzv ölkələrdə su və enerji ehtiyatlarından istifadənin artması, son illərdə atmosferə atılan istixana qazlarının çoxalması iqlim dəyişikliklərinə yol açıb. Ona görə də resurslardan səmərəli istifadə və ekoloji dayanıqlığın qorunması istiqamətində milli və regional səviyyədə birgə tədbirlər görülməli və təbii fəlakət riskləri azaldılmalıdır. Bütün bu çağırışlar və kompleks yanaşma isə SPECA İqtisadi Forumu və İdarəetmə Şurasının 11-ci sessiyasında müzakirə ediləcək.

SPECA Proqramına hərtərəfli dəstək BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən təmin olunur. 56 üzv ölkəsi olan BMT AİK 1947-ci ildə Avropa ölkələri arasında iqtisadi əməkdaşlığın inkişafına dəstək məqsədilə təsis edilib və BMT-nin iqtisadi məsələlərlə məşğul olan beş regional qurumundan biridir. Azərbaycan BMT AİK ilə enerji, dayanıqlı inkişaf, ətraf mühitin mühafizəsi, nəqliyyat, gömrük və digər sahələr üzrə əməkdaşlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.