İDMAN


Azərbaycan “Bakı-2017”nin boks yarışlarının finalında 6 boksçu ilə təmsil olunacaq

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında finalçılar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Oyunların yarımfinal mərhələsi çərçivəsində Azərbaycanın 7 boksçusu rinqə çıxıb.

Turnirdə 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev özbəkistanlı Abdulxay Şaraxmatovla döyüşüb. Dörddəbir finalda Taoufik Kaçfini asanlıqla mübarizədən kənarlaşdıran T.Əliyev bu dəfə eyni uğuru təkrarlaya bilməyib. O, rinqdən 0:5 hesablı məğlubiyyətlə ayrılıb. Nəticədə boksçumuz İslamiadanı bürünc medalla başa vurub.

Yığmamızın üzvü Cavid Çələbiyev (60 kq) yarımfinalda qazaxıstanlı Sultan Zaurbəyə qalib gəlib. O, rəqibini 4:1 hesabı ilə məğlub edib. Dünya çempionumuz finalda iraqlı Ammar Karbalai ilə döyüşəcək.

Oyunlarda 69 kiloqram çəki dərəcəsində rinqə çıxan Tamerlan Abdullayev yarımfinal səddini də uğurla keçib. O, İlya Oçkini (Qazaxıstan) mübarizədən kənarlaşdırıb - 4:0. İyirmi beş yaşlı idmançımız həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturovu sınağa çəkəcək.

Olimpiya mükafatçımız Kamran Şahsuvarlı (75 kq) adını finala yazdırmağı bacarıb. Həmyerlimiz finala gedən yolda mərakeşli Yuness Qarrumiyə qalib gələn idmançımız finalda qazaxıstanlı Tursunbay Kulahmetlə döyüşəcək.

Rauf Rəhimov (81 kq) yarımfinal səddini döyüş keçirmədən adlayıb. Boksçumuz bu mərhələdə Abdelrəhman Abdelqəvvədlə (Misir) qarşılaşmalı olsa da, rəqibi zədə səbəbindən rinqə çıxmayıb və təmsilçimiz texniki qələbə qazanıb. O, qızıl medal uğrunda görüşdə türkmənistanlı Arslanbek Açilovla üz-üzə gələcək.

Olimpiya mükafatçımız Teymur Məmmədov (91 kq) yarımfinalda suriyalı Eldin Qoussunu məğlub edib. İlk raundda rəqibini nokdauna da salan boksçumuz yekunda 4:1 hesablı qələbə qazanıb. T.Məmmədov finalda türkiyəli Burak Akşinlə münasibətlərinə aydınlıq gətirəcək.

Yarımfinalda rinqə sonuncu çıxan yığmamızın üzvü Məhəmmədrəsul Məcidov da adını həlledici döyüşə yazdırıb. Turnirdə 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz bu dəfə Hüsseyn İaşaişi (İordaniya) məğlub edib. M.Məcidov 4:0 hesabı ilə qalib gəlib. O, finalda suriyalı Manaf Asaadla qarşılaşacaq.

Beləliklə, boks yarışlarının mayın 18-də keçiriləcək final qarşılaşmalarında Azərbaycanın 6 boksçusu mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.