MƏDƏNİYYƏT
Azərbaycan Banana Mədəniyyət Festivalında təmsil olunub
Bakı, 5 oktyabr, AZƏRTAC
Nigeriyanın Laqos şəhərində Banana Mədəniyyət Festivalı keçirilib. Festivalda Laqosda yaşayan 18 ölkənin (Mərakeş, Tunis, Əlcəzair, Misir, Fransa, İtaliya, Nigeriya, İngiltərə, Türkiyə və s.) nümayəndələri öz xalqlarının tarix, mədəniyyət, mətbəx və musiqisini nümayiş etdiriblər. Azərbaycanı bu tədbirdə Nigeriyada yaşayan yeganə azərbaycanlı Billurə Bayramova təmsil edib.
B.Bayramova AZƏRTAC-a bildirib ki, festivalda qonaqlara Azərbaycanın ləziz yeməkləri- dolma, qutab, plov, paxlava təqdim olunub. Ölkə mediasına və iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti barəsində geniş məlumat verilib. Festivalda ifa olunan milli rəqslərimizdən “Tərəkəmə” böyük maraqla qarşılanıb.
Billurə Bayramova bildirib ki, qonaqlar arasında müxtəlif ölkələrin səfirləri, Laqosda yerləşən tanınmış şirkətlərin nümayəndələri və Nigeriyanın mədəniyyət naziri və digər rəsmi şəxslər iştirak ediblər.
Onun sözlərinə görə festivalın təşkilində əsas məqsəd Nigeriyada yaşayan müxtəlif ölkələrin vətəndaşlarının öz ölkələrini təmsil və təbliğ etmək, özlərinə məxsus təamları bölüşmək, musiqi, mədəniyyəti və tarixləri barədə iştirakçılara dolğun məlumatlar verməkdən ibarətdir.