İQTİSADİYYAT


Azərbaycan Banklar Assosiasiyası banklara müraciət edib

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclasında əsas müzakirə mövzularından biri Özəl Kredit Bürosunun (ÖKB) yaradılması məsələsi olub.

AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, iclasda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri ÖKB-nin yaradılması ilə əlaqədar görülmüş hazırlıq işləri, büronun təklif olunan strukturu, büdcəsi, təklif olunan xarici tərəfdaş və bu sahədə beynəlxalq təcrübə ilə bağlı təqdimat edib və iclas iştirakçılarının suallarını cavablandırıblar.

Müzakirələr nəticəsində ABA üzvü olan bütün banklara müraciət edilərək bir ay müddətində onlardan ÖKB-nin yaradılmasında təsisçi qismində iştirak etmək niyyətləri barədə məlumat verilməsi qərara alınıb. ÖKB-nin yaradılmasında təsisçi qismində 51 faizlik iştirak payı ilə İslandiyanın "CreditInfo" şirkəti, 49 faizlik iştirak payı ilə digər təşkilatların iştirakı, o cümlədən nizamnamə kapitalının 2.2 milyon avro olması nəzərdə tutulur. Əldə olunmuş razılığa əsasən, ÖKB-nin yaradılmasına texniki dəstək verməklə əsas səhmdarlarından olması planlaşdırılan İslandiyanın "CreditInfo" şirkətinin nümayəndələri sentyabr 7-8-də Bakıda səfərdə olacaqlar. Şirkət bir çox ölkələrdə (o cümlədən bir sıra qonşu ölkələrdə) oxşar büroların yaradılmasında iştirak edib və hazırda da əsas səhmdar qismində çıxış edir. "CreditInfo" şirkətinin Bakıda ÖKB yaradılmasında səhmdar qismində iştirak etmək istəyən banklar, eyni zamanda, digər əlaqədar assosiasiyalarla görüşü gözlənilir.

Rəyasət Heyətinin qərarına əsasən, ÖKB-nin yaradılmasında təsisçi qismində iştirak etmək məsələsinə münasibət bildirilməsi üçün ABA artıq banklara müraciət göndərib. Müraciətdə təsisçi olmaq istəyən bankların sentyabr ayının sonunadək ABA-ya bu barədə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, kredit təşkilatlarının müştəri haqqında ətraflı məlumat əldə etməsi üçün beynəlxalq təcrübədə özəl kredit büroları yaradılır. Bu büroların işi, ilk növbədə, borcalanlar haqqında kredit təşkilatlarından məlumatların toplanmasıdır. Bundan əlavə, ictimaiyyətə açıq olan məhkəmə qərarları, vergi öhdəliklərinin yerinə yetirilmə dərəcəsi də bazaya daxil edilir. Həmçinin bürolar tərəfindən qaz, su, elektrik, telefon, internet və s. növ xidmət göstərən qurumlardan da müştərilər barədə məlumat toplanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.