MƏDƏNİYYƏT
Azərbaycan Belarus rəssamının gözü ilə
Minsk, 27 aprel, AZƏRTAC
Belarus Milli Kitabxanasının “Rakurs” qalereyasında Marina Elyaşeviçin “Azərbaycan Belarus rəssamının gözü ilə” adlı fərdi sərgisi açılıb. Sərgi Azərbaycanın Minskdəki səfirliyi, “Belarusdakı Azərbaycan İcmaları Konqresi” və onun gənclər şöbəsi tərəfindən təşkil edilib.
Rəssam təqdim olunan əsərlərində azərbaycanlıların Belarusda heyranlıqla qarşılanan və etiraf edilən mənəvi zənginliyini, gözəlliyini, milli ruhunu əks etdirib. Bu rəsmlər parlaqlığı, duyğuların yeniliyi, rəssamın Azərbaycan haqqında təəssüratlarını təkcə öz həmyerliləri ilə deyil, bütün dünya ilə bölüşmək arzusu ilə seçilir.
Təqdim edilən əsərlər sırasında “Azərbaycan gözəlləri” silsiləsi Odlar yurdunun milli ənənələrini qoruyan qız və qadın obrazlarına həsr olunub.
Natürmort janrında olan tabloda Azərbaycan torpağının çiçəklər və meyvələrlə zənginliyi əks olunub. Müəllif ölkəmizin memarlığını da nəzərdən qaçırmayıb. Onun əsərlərində Qız qalası, Bibiheybət məscidi kimi müxtəlif əsrlərin dünya şöhrətli tikililəri və milli memarlığın digər abidələri təsvir olunub.
Tədbirdə çıxış edən Azərbaycanın səfiri İsfəndiyar Vahabzadə, “Belarusdakı Azərbaycan İcmaları Konqresi”nin rəhbəri Natiq Bağırov bildiriblər ki, “bugünkü ikitərəfli əlaqələr, o cümlədən humanitar sahədəki əməkdaşlıq Azərbaycan və Belarus prezidentlərinin dostluq əlaqələrinin nəticəsidir. Bu gün hər iki müstəqil ölkənin siyasi və iqtisadi əlaqələri genişlənir. Azərbaycan mədəniyyətinin zənginliyi, gözəlliyi haqqında bizi sevən və özünə dost bilən Belarus xalqına məlumatlar verilir. Əgər belə demək mümkünsə, müasir dünyada incəsənət dost xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. İnanırıq ki, Azərbaycan və Belarus əlaqələri daim inkişaf edəcək”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri