İQTİSADİYYAT
Azərbaycan Belаrusa meyvə-tərəvəz, meyvə şirələri və digər məhsullar təklif edib
Bakı, 17 mart, AZƏRTAC
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti artıq struktur quruculuğunu başa çatdırıb, respublika ərazisinin 12 regionunda bölmələr, 46 rayonda dayaq məntəqələri yaradılıb. Hazırda cəmiyyət yaxın xarici ölkə bazarlarına Azərbaycan məhsullarının ixracı prosesini həyata keçirir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, bu fikirləri ASC-nin İdarə Heyətinin sədri Əbülfət Qocayev Belarus Respublikasının “Belqospişeprom” Dövlət Konserninin və Belarus Kooperativlər İttifaqının nümayəndələri ilə işgüzar görüşdə deyib.
Əbülfət Qocayev əvvəlcə qonaqlara qurumun fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edib ki, cəmiyyətin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, ərzaq məhsullarının keyfiyyətini, eləcə də dövlət vəsaitindən istifadənin səmərəliliyini artırmaq və dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdən ibarətdir. Cəmiyyətin xətti ilə Rusiya bazarlarına 1000 ( min) ton kənd təsərrüfatı məhsulları ixrac olunub və ixrac prosesi davam etdirilir.
Diqqətə çatdırılıb ki, ASC güclü aqrar potensialı olan Belarus Respublikasının analoji qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaqda maraqlıdır. Cəmiyyətin İdarə Heyətinin sədri mövsümdən asılı olaraq Belarusa meyvə-tərəvəz, meyvə şirələri və digər məhsulların ixracını təklif edib.
Belarus Respublikasının “Belqospişeprom” Dövlət Konserninin sədr müavini Marina Mixalseviç, konsernin xarici iqtisadi əlaqələr idarəsinin rəisi Yelena Malinovskaya, Belarus Kooperativlər İttifaqının ( “ Belkoopsoyuz”) xarici iqtisadi əlaqələr şöbəsinin rəisi Konstantin Rjeusskiy, İstehlak məhsullarının ixracı şöbəsinin rəisi Sergey Alximoviç çıxış edərək qarşılıqlı münasibətlərin qurulmasında maraqlı olduqlarını bildiriblər.
Belaruslu nümayəndələr tərəfindən Azərbaycana bir sıra kənd təsərrüfatı məhsullarının (yer kökü, kələm, çuğundur, kartof, ət və süd məhsulları) idxalı təklif edilib.
Tərəflər arasında aparılan müzakirədə Azərbaycanla Belarus arasında iqtisadi münasibətlərin gücləndirilməsi məqsədilə kənd təsərrüfatı məhsullarının qarşılıqlı idxal-ixracının təşkili, təcrübə mübadiləsi, beynəlxalq tədbirlərdə birgə iştirak və digər məsələlərdə razılıq əldə olunub, yaxın vaxtlarda əməkdaşlığın dərinləşdirilməsi üçün İşçi Qrupunun yaradılması qərara alınıb. Əməkdaşlığın dərinləşdirilməsi üçün yaxın gələcəkdə növbəti işgüzar görüş keçiriləcək.
Sonda belaruslu qonaqlara Azərbaycanın milli xalçalarından ibarət qiymətli hədiyyələr təqdim olunub. Daha sonra nümayəndələr “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin anbarlarında kənd təsərrüfatı məhsullarının saxlanma şəraiti ilə tanış olublar.
Qeyd olunub ki, ötən ilin noyabr ayında Minsk şəhərində Prezident İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə keçirilmiş Dövlətlərarası İqtisadi Komissiyanın iclasında, eləcədə həmin ilin dekabr ayında iqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə keçirilmiş İqtisadi Ticarət Komissiyasının toplantısında iki ölkə arasında tədarük-təchizat sahəsində əməkdaşlığın qurulması qərara alınıb.