SİYASƏT
Azərbaycan Belçikada Birinci Dünya müharibəsinin 100 illiyinə həsr olunmuş xatirə tədbirlərində təmsil olunub
Belçika Krallığının Nieuport şəhərində Birinci Dünya müharibəsinin 100 illiyinə həsr olunmuş xatirə tədbirləri keçirilib.
Nieuport şəhəri Birinci Dünya müharibəsinin ən qanlı döyüşlərinə şahid olduğu üçün 100 illik xatirə tədbirlərinin keçirilməsi üçün məhz bura seçilib.
Xatirə tədbirləri Belçika Kralının, eyni zamanda, Belçikada akkreditə olunmuş Azərbaycan, Yaponiya, Kanada, Bolqarıstan, Sloveniya və daha bir neçə ölkənin səfirliklərinin himayəsi altında keçirilib.
Mərasim simfonik orkestrin konserti ilə başlamış və Birinci Dünya müharibəsində iştirak etmiş ölkələrin mövzuya dair foto sərgiləri ilə davam etdirilib. Ölkəmiz üçün ayrılmış stenddə Azərbaycan Tarix Muzeyindən əldə olunmuş əyani vəsaitlər, o dövrə aid xəritələr sərgilənmişdir.
Azərbaycanın səfiri Fuad İsgəndərovun sərgi iştirakçılarına müraciəti xatirə tədbirləri ilə bağlı çap olunmuş kitabçada yer alıb.
Səfir müraciətində Azərbaycanın strateji coğrafi mövqeyindən söz açıb, ölkəmizin tarixən bu regionda baş vermiş proseslərin içində yer aldığını və Birinci Dünya müharibəsi illərində Rusiya imperiyasının tərkibində olmasına baxmayaraq, çoxlu itkilər verdiyini diqqətə çatdırıb.
F.İsgəndərov Birinci Dünya müharibəsindən sonra yaranmış Azərbaycan Xalq Cümhuriyyətindən söz açıb, onun qısa müddət mövcud olmasına baxmayaraq, bu gün hər bir azərbaycanlının qürur mənbəyi olduğunu qeyd edib.
Müraciətdə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra əldə olunan uğurları barədə də məlumat yer alıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel