QAN YADDAŞI
Azərbaycan Bəstəkarlar İttifaqında 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 30 mart, Ceyhun Alışlı, AZƏRTAC
Martın 30-da Azərbaycan Bəstəkarlar İttifaqında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə bildirib ki, ermənilər iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı soyqırımılar, kütləvi qırğınlar, amansız cinayətlər törədiblər. 1918-ci ilin martında erməni daşnakları tərəfindən Azərbaycanın Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrində törədilən soyqırımı nəticəsində on minlərlə günahsız insan qətlə yetirilib.
İttifaqın rəhbəri ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən danışıb, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işi uğurla aparılır.
Tədbirdə Əməkdar incəsənət xadimləri Sərdar Fərəcov, Zemfira Qafarova və başqaları 31 mart soyqırımının həm də bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu söyləyiblər, tarixən ermənilərin azərbaycanlılara qarşı yönəlmiş təxribatlarından bəhs ediblər.
Tədbirdə Elza Seyidcahanın “Şəhidlər” balladası, Aytən İbrahimovanın “Xocalı” kompozisiyası və İlham Azmanlının simli orkestr üçün yazdığı “Ağı”, “Dədəmin qopuzu”, “Qədim türkün bir günü” və digər əsərlər səsləndirilib.