MƏDƏNİYYƏT
Azərbaycan Bəstəkarlar İttifaqında bu yaradıcılıq təşkilatı haqqında filmin təqdimatı olub
Bakı, 30 yanvar, Salehə Əliyeva, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert zalında bu təşkilatın 80 illiyinə həsr edilmiş “Bəstəkarlar İttifaqı” sənədli filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə “Azərbaycan teleradio yayımları” Qapalı Səhmdar Cəmiyyətinin “Telefilm” yaradıcılıq birliyində çəkilmiş film haqqında qısa məlumat verib, filmin yaradıcı kollektivini təqdim edib.
Filmin rejissoru Tahirə Hüseynova, operator Adil Abbasov, redaktor Yaqub Əlioğlu film üzərində iş barədə söhbət ediblər. Qeyd olunub ki, Azərbaycan musiqisinin tarixi və inkişafı barədə söhbət açmaq çətin, az qala qeyri-mümkün məsələdir. 30 dəqiqə ərzində bu inkişafın bütün mərhələləri barədə, bəstəkarlar haqqında söhbət açmaq, milli musiqinin zənginliyini və bənzərsizliyini göstərmək mümkün deyil. Ona görə bu cür filmlər silsiləsini davam etdirmək qərara alınıb.
Film dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başlanır. Bu musiqi fonunda Azərbaycan bəstəkarlarının portretləri kaleydoskop kimi bir-birini əvəz edir.
30 iyun 1934-cü il. Bu gün Üzeyir Hacıbəylinin köməyi ilə Azərbaycan Bəstəkarlar İttifaqının əvvəlcə SSRİ Bəstəkarlar İttifaqının bir şöbəsi kimi yaradılması günü kimi tarixə düşüb. İttifaqın təsis yığıncağında müttəfiq respublikaları təmsil edən 17 təsisçi bəstəkar, o cümlədən üç Azərbaycan bəstəkarı – Əfrasiyab Bədəlbəyli, Zülfüqar Hacıbəyov və Niyazi iştirak edib.
Sənədli filmdə Bəstəkarlar İttifaqının milli kadrlar hazırlanmasında rolu qeyd olunur, ötən əsrin 50-ci illərində İttifaqa Qara Qarayevin rəhbərlik etdiyi, beynəlxalq əlaqələr yaradıldığı dövr göstərilir.
1990-cı illərə xüsusi diqqət yetirilir. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra Bəstəkarlar İttifaqının işini yenidən qurması, ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında böyük rolu, onun müəyyən etdiyi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi qeyd olunur.
Bu dövrdə Azərbaycan bəstəkarlarının yaradıcılığında vətənpərvərlik motivləri böyük yer tutur.
Hazırda Bəstəkarlar İttifaqına Qara Qarayevin şagirdi, tanınmış bəstəkar Firəngiz Əlizadə rəhbərlik edir. O, filmdə son illərdə Azərbaycan milli və klassik musiqisinin xaricdə populyarlaşdırılması üzrə aparılan işlər, bu məsələdə Heydər Əliyev Fondunun və onun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük rolu, həm Azərbaycan paytaxtında, həm də regionlarda keçirilən festivallar, müsabiqələr və başqa tədbirlər barədə məlumat verir.
Təqdimat mərasiminin sonunda filmin ssenari müəllifi, Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov filmin yaradıcı heyətinə təşəkkürünü bildirib.