MƏDƏNİYYƏT
Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyi silsilə tədbirlərlə qeyd olunacaq
Noyabrın 1-dən 5-dək Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) 80 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək. Festivalın proqramı rəngarəngdir, müxtəlif janrlar əhatə olunub. Festival çərçivəsində təşkil olunacaq konsertlərdə 70 müəllifin əsəri səslənəcək. Bu müəlliflər arasında ən qocaman bəstəkarlardan tutmuş ən cavan bəstəkarlar, həmçinin Bəstəkarlar İttifaqına üzv olmayan, o cümlədən xaricdə təhsil alan gənc bəstəkarlar yer alıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri musiqi festivalı münasibətilə noyabrın 1-də ABİ-də keçirilmiş mətbuat konfransında qurumun sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə söyləyib.
Bildirilib ki, festival çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Musiqili Teatrında, ABİ-nin Ü.Hacıbəyli adına konsert salonunda, Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında konsertlər və tamaşalar təqdim ediləcək.
F.Əlizadə, həmçinin Bəstəkarlar İttifaqının yaranmasından da danışıb. Əsası dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən qoyulan bu quruma rəhbərlik etməsindən məmnunluğunu ifadə edən Firəngiz Əlizadə görülmüş işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələrdən söz açıb.
Festivalda dəvət olunmuş xarici qonaqlardan mətbuat konfransında iştirak edən İtaliyadan musiqişünas Elizabet Vilson, Almaniyadan musiqişünas Moisey Boroda, Özbəkistandan bəstəkar Dmitri Yanov-Yanovski festival və ABİ-nin fəaliyyəti barədə fikirlərini bölüşüblər.
D.Şostakoviç və M.Rastropoviç haqqında tədqiqatları müəllifi Elizabet Vilson müəllimi M.Rastropoviçin vətənində olmaqdan məmnunluğunu bildirib, həmçinin festivala dəvətə görə ABİ-nin sədrinə təşəkkür edib.
Moisey Boroda və Dmitri Yanov-Yanovski ABİ-nin işini yüksək qiymətləndiriblər. Musiqi festivalının keçirilməsinin yaxşı ideya olduğunu vurğulayaraq bildiriblər ki, festival tanınmış bəstəkarlarla yanaşı, gənc bəstəkarların da əsərlərini səsləndirməyə fürsət yaradır.
Diqqətə çatdırılıb ki, Almaniyada musiqi ensiklopediyasında Azərbaycan musiqisi və bəstəkarları haqqında məqalələrin dərc olunmasında Moisey Boroda böyük rolu var.
Qeyd edək ki, festival çərçivəsində ilk konsert Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin ifasında baş tutacaq.
Festivalın təntənəli açılış mərasimi isə noyabrın 2-də reallaşacaq.