İQTİSADİYYAT
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yığıncaqda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 15 iyul 2015-ci il tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə edilib, Müşahidə Şurasının və İdarə Heyətinin tərkibi, bankın səhmlərinin formasının dəyişdirilməsi barədə məsələlərə baxılıb. Bankın Müşahidə Şurasının mövcud say tərkibi 7 nəfərdən 5 nəfərədək endirilib.
Bankın İdarə Heyətinin üzvləri Emil Mustafayev, Vaqif Əkbərov, Qubad Hüseynov və Rəşad Hacıyevin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onlar İdarə Heyətinin üzvlüyündən və tutduqları vəzifələrdən azad ediliblər. İdarə Heyətinin yeni tərkibi seçilib, Elmar Məmmədov 4 il müddətinə idarə heyətinin sədri vəzifəsinə, Murad Şirəliyev və Ülvi Mansurov isə həmin müddətə idarə heyəti sədrinin müavinləri vəzifələrinə təyin olunublar.
Yeni seçilmiş İdarə Heyətinə bankın maliyyə sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi ilə bağlı tədbirləri həyata keçirmək məqsədi ilə kredit siyasətinin yenidən işlənib hazırlanması, bankın təşkilati strukturunun və filial şəbəkəsinin təkmilləşdirilməsi və bir sıra digər mühüm məsələlər barəsində tapşırıqlar verilib. Bankın Audit Komitəsinə isə adıçəkilən Fərmandan irəli gələn vəzifələrin icrası olaraq bank tərəfindən kreditlərin verilməsi zamanı bank və mülki qanunvericiliyin tələblərinə riayət edilməsi məsələlərinin araşdırılması, aşkar olunmuş nöqsanlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və onların məsuliyyətə cəlb olunması üçün tədbirlərin görülməsi həvalə edilib.
Bununla yanaşı, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmlərinin formasının bu Qanunun tələbi olaraq sənədli formadan sənədsiz formaya dəyişdirilməsi barədə qərar qəbul edilib.