İDMAN


Azərbaycan Beynəlxalq Bankı ilə "Yuventus" futbol klubu arasında saziş imzalanıb

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə dünyanın məşhur futbol klublarından olan "Yuventus" arasında əməkdaşlıq üzrə saziş imzalanıb.

ABB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bankın baş ofisində keçirilən imzalanma mərasimində İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo, "Yuventus" Futbol Klubunun beynəlxalq əməkdaşlıq və korporativ gəlirlər bölməsinin rəhbəri Giorgio Ricci, "Yuventus" İdman Akademiyasının direktoru Gianluca Pessotto, "Yuventus"un keçmiş hücumçusu David Trezegue, AFFA təmsilçiləri, "İnter" Futbol Klubunun rəhbərliyi də iştirak ediblər.

Azərbaycan Beynəlxalq Bankı idarə heyəti sədrinin müavini Ülvi Mansurov nəzərdə tutulan əməkdaşlıq istiqamətləri haqqında məlumat verib. Bildirib ki, müvafiq saziş çərçivəsində "Yuventus" klubu ilə bir sıra birgə tədbirlər həyata keçiriləcək. İlk addım kimi artıq "İnter Arena"nın bazasında "Yuventus" Futbol Akademiyası yaradılıb. Akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və "İnter" Futbol Klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir. Bütün dünyada məşhur olan "Yuventus" klubu ilə əməkdaşlıq Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətlərinin beynəlxalq arenada təbliği baxımından da geniş imkanlar açır.

İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo ölkələrimiz arasında əlaqələrin getdikcə inkişafından məmnunluğunu ifadə edərək bu sazişin mədəni sahədə əməkdaşlığa yeni bir töhfə olacağını qeyd edib.

"Yuventus" Futbol Klubunun beynəlxalq əməkdaşlıq və korporativ gəlirlər bölməsinin rəhbəri Giorgio Ricci isə bu cür regional sazişlərin "Yuventus"un beynəlmiləlləşdirilməsi prosesinin davamı olduğunu diqqətə çatdırıb və Azərbaycan kimi böyük potensiala malik bir ölkədə çalışmaqdan qürur duyduqlarını söyləyib.

"Yuventus"un digər təmsilçiləri çıxışlarında klubun bu cür layihələrə hər zaman böyük diqqət ayırdıqlarını deyib. Diqqətə çatdırılıb ki, yerli klubların fəaliyyətinin dəstəklənməsi, uşaq futbolunun inkişafı, müxtəlif ölkələrdə peşəkar futbol təcrübəsinin öyrədilməsi işinə "Yuventus", həm də, sosial bir dəyər kimi baxır. Sazişin nəticələrinin ümumən Azərbaycan futbolu üçün uğurlu olacağı vurğulanıb.

İmzalanma mərasimindən sonra italiyalı qonaqların iştirakı ilə "Yuventus" Futbol Akademiyasının açılışı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.