İQTİSADİYYAT
Azərbaycan Beynəlxalq Bankının ödəniş kartlarının sayı artır
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan Beynəlxalq Bankının iyulun 1-nə aktiv ödəniş kartlarının sayı 1 milyon 286 min 100-ə çatıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, ötən bir il ərzində xidmətin keyfiyyətinin yüksəldilməsi, ATM şəbəkəsinin daha səmərəli qaydada qurulması fiziki şəxslərlə yanaşı, korporativ müştərilərin də Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlığa marağını artırıb. Bunun nəticəsində maaş kartlarının sayında ciddi artım baş verib.
Hesabat dövründə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə banka aid maaş kartlarının sayı 44 min 600 ədəd artaraq 456 min 600 olub.
Bu il ərzində bankın ödəniş kartları ilə ümumilikdə 13,715,261 əməliyyat aparılıb. Hazırda bankın 743 ATM-si fəaliyyətdədir və bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 11 min 124 POS-terminalı müştərilərin xidmətindədir.