İQTİSADİYYAT
“Azərbaycan Beynəlxalq Bankı”nın restrukturizasiya planı yerli məhkəmə tərəfindən təsdiqlənib
Bakı, 17 avqust, AZƏRTAC
Bakı şəhərinin Nəsimi rayon məhkəməsinin avqustun 17-də keçirilmiş iclasında "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) müvafiq müraciətinə baxılaraq, bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü Restrukturizasiya Planının təsdiqlənməsinə dair qətnamə qəbul edilib.
Bu barədə ABB-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir.
Qeyd edək ki, iyulun 18-də "Azərbaycan Beynəlxalq Bankı"nın kreditorlarının yığıncağı keçirilib və səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93,9 faizə malik kreditorlar planın lehinə səs verib, plan "Banklar haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən baxılıb.
Xatırladaq ki, plana səs vermiş kreditorlar öhdəliklərlə bağlı Banka qarşı hər hansı tələblərinin qalmaması barədə müvafiq sənədi avqustun 22-dək təqdim etməlidirlər. Həmin sənədi təqdim etmiş kreditorlar təklif edilən maliyyə alətlərini sentyabrın 1-dən əldə etmək hüququna malik olacaqlar.