İQTİSADİYYAT
Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Assambleyasının iclasında təmsil olunub
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 14-15-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 7-ci iclası keçirilib. 150-dən çox dövlətin nazir və səlahiyyətli şəxslərinin iştirak etdiyi iclasda Azərbaycanı Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədri Akim Bədəlov və ölkəmizin BƏƏ-dəki səfirliyinin nümayəndələri təmsil ediblər.
ABOEMDA-dan AZƏRTAC-a bildirilib ki, iclas çərçivəsində nazirlər səviyyəsində dəyirmi masa keçirilib. Burada bərpaolunan enerji və enerji təhlükəsizliyi, enerji sektorunun transformasiyası, enerji sektorunda bərpaolunan enerjinin payının artırılması üçün tarif siyasətinin və müasir texnologiyaların inkişafı ilə bağlı müzakirələr aparılıb.
Assambleya çərçivəsində Azərbaycan nümayəndə heyəti IRENA-nın baş direktoru Adnan Amin və “Masdar City” layihəsinin rəhbərliyi ilə məhsuldar görüşlər keçirib. Danışıqların əsas mövzusu BƏƏ-nin investisiya potensialını Azərbaycanın Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələrinin kənd təsərrüfatı sahəsinə tətbiqi layihələrinə yönəldilməsi və ölkəmizdə reallaşdırılan “Samux Aqrar Enerji Yaşayış Kompleksi” və “Pirallahı” Günəş Elektrik Stansiyası kimi layihələrin BƏƏ-də “texnoloji transfer” çərçivəsində həyata keçirilməsi məsələləri olub.
Həmçinin yanvarın 16-da Əbu-Dabinin Milli Sərgi Mərkəzində 4 gün davam edəcək ənənəvi “Dünya Gələcəyin Enerjisi” Sammiti öz işinə başlayıb.
Xatırladaq ki, Azərbaycan Respublikası 2009-сu ildən IRENA-nın üzvlüyünə qəbul edilib və Milli Məclisin 2014-cü il mayın 2-si tarixli Qanunu ilə bu təşkilatın tamhüquqlu üzvü olub.